“Mədəniyyət Nazirliyi Azərbaycanın strateji mərkəzi olmalıdır” – ƏNVƏR BÖRÜSOY

Baxış sayı:
403

“Milli Konservatoriyanın rektoru və onun əlaltısına çevrilmiş komanda oradan tamamilə uzaqlaşdırılmalıdır. Çünki onlar toyxanalar üçün manıs yetişdirirlər…”

Mədəniyyət naziri Əbülfəs Qarayevin prezident İlham Əliyevin qərarı ilə vəzifədən uzaqlaşdırılması ölkədə bir sıra müzakirələrə səbəb olub. Nazirliyin yarıtmaz fəaliyyəti ilə bağlı ölkə KİV-ləri arasında uzun müddətdir ki, təkcə “Hürriyət” qəzeti müxtəlif səpgili mövzularla çıxış edib. Mədəniyyətimizin teatr, kino və digər sahələrdə problemlərini daim qabartmaqla mövcud sorunların həlli yollarını da təkcə “Hürriyyət” qəzeti işıqlandırıb. Qəzetimizin bu sahə üzrə yazarı sənətşünas Ənvər Börüsoy hətta məhkəməyə verildi və nəticədə yazarımız, həm də “Hürriyyət” qəzeti haqlı olduğunu ötən müddət ərzində sübut etdi. Bu məqsədlə mədəniyyət sahəsində öncələrdə qaldırılan problemlərin həlli məsələləri barəsində Ənvər Börüsoyla söhbət etdik.

– Ənvər bəy, mədəniyyət sahəsində nə baş verir? Heç kimin gözləmədiyi halda Mədəniyyət Nazirliyində həbslər başladı. Korrupsiya və bir çox neqativ məsələlər də ortaya çıxdı. Bunları necə izah edərdiniz?

– İlk öncə bizim ustadımız Maestro Niyazinin uzun illərdir qulağımda sırğa kimi asdığım bir fikrini deməyə borcluyam. Bir dəfə ondan soruşdum ki, Fikrət Əmirov çox böyük bir bəstəkardır. Bəs rusca niyə belə zəif danışır? Maestro gülə-gülə belə bir cavab verdi: “Fikrət rusca düşünə bilmir, ondandır”. Əslində Fikrət Əmirov rusca heç də pis danışmırdı, sadəcə ləhcə ilə fikrini ifadə edirdi. İncəsənət elə sahədir ki, orada özün olmalısan. Bədii təfəkkür özgələrinin ladında ifadə ediləndə özündən asılı olmayaraq, özgələşirsən.

Əbülfəs Qarayev rusdilli olduğu üçün, rusca düşünüb və bizim dildə fikrini izah edirdi. Belə bir zəka ilə Azərbaycanın mədəniyyəti heç zaman inkişaf edə bilməzdi. Korrupsiya və rüşvətxorluqla bağlı mədəniyyətin belə bir çamura bulaşması Azərbaycanın dövlət kimi məhv olunmasına xidmət edib. Çünki Əbülfəs Qarayev və onun nazirlikdə ən mühüm strateji vəzifələrə təyin etdiyi İsmayıl Hüseynov, Cahangir Məmmədov və digərlərinin qafası bayağı və dayaz “məhəllə” təfəkkürünə pərçimlənibdir. Mədəniyyət elə bir sahədir ki, orada incəsənətlə bağlı geniş erudisiya tələb olunur. Bu cəhətlərin heç biri nə Əbülfəs Qarayevdə, nə də onun komandasında yox idi.

– İndi bir çox sənət adamlarının nazir kürsüsünə təyin olunacağı barəsində söz-söhbətlər dolaşır…

– Bayağı sarı mətbuat gündə bir manısın adını hallandırmaqla məşğuldur. Sorun da budur. Onları qətiyyən bu sahədə hansısa vəzifəyə gətirmək olmaz. Dayaz “TOP” düşüncəsinə malik olan bu zümrənin hakimiyyətdə təmsil olunması çox təhlükəlidir. Nazir kürsüsünə kimin təyin olunacağı qərarını təbii olaraq prezident verəcək. Mütəxəssis olaraq da deyə bilərəm ki, 2018-ci ildən başlayaraq yüksək vəzifələrə təyin olunan məmurların çoxunu dəstəkləyirəm. Onlar “məmur-oliqarxiya” qaydaları ilə deyil, “menecer-texnokratiya” standartlarına uyğun yeni qaydalar əsasında işləyirlər. Təbii olaraq, yeni kadrlar ölkədə “güllük-gülüstan” yaratmayacaqlar. Ancaq həmin prosesin təməlinin qoyulması üçün onlara böyük ehtiyac vardır. Mədəniyyət naziri məsələsində son 20 ildə iriçəkili məmurların işlərini və davranışlarını müşahidə etdikdə, görürük ki, mədəniyyət nazirinin müavini Vaqif Əliyev ən şanslı kadrdır.

– Nədən Vaqif Əliyev? Axı Əbülfəs Qarayevin nazir olduğu dönəmdə onun müavini postunda çalışırdı…

– Vaqif müəllim mədəniyyət  üzrə peşəkar mütəxəssislərdən olmasa da, bu sahədə öhdəsinə düşən vəzifəni ən yüksək səviyyədə həyata keçirib. Sizə Polad Bülbüloğlu və Əbülfəs Qarayevdən örnək deyəcəm. Polad nazir olanda işi-gücü mərhum atası və böyük sənətkar Bülbüllə bağlı ildə bir neçə dövlət tədbirlərini həyata keçirirdi. Elə Əbülfəs Qarayev də əmisi böyük bəstəkarımız Qara Qarayevlə ilgili çoxsaylı tədbirlər üçün çalışırdı. Onların ikisinin də yalnışlığı bunda idi ki, Bülbül və Qara Qarayevdən savayı bu ölkənin ünlü sənət xadimləri olmayıb. Bunun örnəyi bütün zamanların dahi bəstəkarı Üzeyir Bəy Hacıbəyliyə olan ögey münasibətləri fakt olaraq qalır. Üzeyir Bəyin “Azərbaycan xalq musiqisinin əsasları” fundamental kitabının bütün musiqi məktəblərində tədrisinə dolayı yolla yasaq qoyulmuşdu. Halbuki, bu kitabı bilməyən musiqiçi Azərbaycan musiqisinin sirlərindən də uzaq durur…

– Bəs yeni nazir postuna kimin təyin olunmasına baxmayaraq, mədəniyyət sahəsi üzrə nələri həyata keçirməlidir?

– İlk öncə nazirlik informasiya bankı yaratmalıdır. Ölkəmizdə teatr, kino, rəssamlıq,  dekorativ xalq tətbiqi sənəti, muzeylər və başqa sahələr üzrə peşəkar mütəxəssislər siyahıya alınmalıdır. İtaliyada muzeylərin əldə etdiyi gəlir ildə 25 milyard, İspaniyada isə 18 milyard dollar təşkil edir. Bu iki ölkədə etnofolk musiqi və teatr qruplarının illik toplam gəlirləri 14 milyard dollara yaxındır. İlk öncə Milli Konservatoriyanın rektoru və onun əlaltısına çevrilmiş komanda oradan tamamilə uzaqlaşdırılmalıdır. Çünki onlar toyxanalar üçün manıs yetişdirirlər. Milli Konservatoriyanın sayəsində bölgələrdə yerli bələdiyyələrlə birlikdə iri şəhərlərdə simfonik, kamera, xalq çalğı alətləri və digər orkestrlərin yaradılmasına dəstək verilməlidir. Rəssamların əlindən alınmış bütün sərgi salonları geri qaytarılmalıdır. Dekorativ xalq tətbiqi sənəti üzrə peşəkar ustalar üçün yerlərdə emalatxanaların yaradılmasına şərait yaradılmalıdır. Kino sahəmizin inkişafı ilə bağlı sənətdə özünü təsdiq etmiş mütəxəssislər irəli çəkilməli və kino istehsalı onlara həvalə edilməlidir. Bu sahə üzrə münecerlərin yetişdirilməsi konsepsiyası inkişaf etdirilməlidir. Peşəkar teatrlarımızın dram dərnəyi təfəkküründən uzaqlaşdırılması üçün “direktor teatrı” anlayışına nöqtə qoyulmalıdır.

– Sizə elə gəmir ki, sadaladığınız bu faktlara görə ölkəmizdə kadr qıtlığı var?

– Əsla elə deyil. Yetər ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi Azərbaycan dövlətçiliyinin hədəflərini nəzərə alaraq, qəti addımlar atsın. Adi bir örnək deyim. Kamera Orkestri üçün əla bina var. Ancaq orada verilən konsertlərdən kimsənin xəbəri yoxdur. Çünki nazirlik səviyyəsində mədəniyyət ocaqlarının reklam şəbəkəsi yoxdur. Bakının 8-ci km, Əhmədli, Günəşli qəsəbələrində, mikrorayonlarda yaşayan onminlərcə sakinin haradan xəbəri olsun ki, hansı teatrda, musiqi ocağında, sərgi salonunda mədəniyyət sahəsi üzrə nə kimi tədbirlər həyata keçilir. Əgər bütün metroların giriş-çıxışında, əhalinin daha çox gur olduğu məkanlarda mədəni həyatımızla bağlı reklam lövhələri qoyulrsa, o zaman hamının bundan xəbəri olacaq. Mən özüm Filarmoniyada Dövlət Simfonik Orkestrinin konsertlərinin nə zaman olacağı ilə bağlı məcbur qalıb ayda bir neçə dəfə oraya getməli oluram. Çünki bu mədəniyyət ocağındakı tədbilərin heç birinin reklamı yoxdur. Mədəniyyət sahəsindəki problemlərin səbəblərindən biri də budur.

– Başqa çatışmazlıqlar, yəni görüləsi işlər haqda nə deyə bilərsiniz?

– Musiqi və digər sahələrdə çalışmaq istəyənlərə Mədəniyyət Nazirliyi tərəfindən lisenziya verilməsi qaydaları olmalıdır. Onlar mütəxəssisi olduqları sahə üzrə təhsil aldıqlarını isbat edən müvafiq sənədləri, yaradıcı təşkilatlardan arayışlarla peşəkar sənətə qədəm qoymalıdır. Not tanımayan, solfecionun nə demək olduğunu bilməyən, bir oktavadan da aşağı səs tembiri olan, bilgisayarın sayəsində özünə səs effekti düzənləyənlər dövlət tədbirlərinə, tv və radio kanallara dürtülərək özləri cəhənnəmə, sənəti də hörmətdən salırlar.

– Mədəniyyət Nazirliyinin strateji dövlət qurumuna çevrilməsi ideyasını ilk dəfə siz demisiniz….

– Bu ideya mənə məxsus deyil. Mədəniyyətin, özəlliklə də incəsənətin tarixini azacıq peşəkar səviyyədə öyrənənlərin hamısı bu fikirdədir. Bundan sonra, milli mədəniyyət sahəmizi inkişaf etdirmək üçün AMEA-nın Mədəniyyət və Memarlıq İnstitutu, Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Dövlət Rəssamlıq Akademiyası, bütün yaradıcı təşkilatları təmsil edən mütəxəssislərdən ibarət müvafiq komissiyaları yaradılmalıdır. Komissiya üzvlərinə nazirlik səviyyəsində maaş da verilməlidir ki, onlar proyektlərin hazırlanmasında maraqlı tərəf kimi iştirak etsinlər. İncəsənət elə bir sahədir ki, orada hansı yöndə baxışlarını ortaya qoyursansa, sənət də həmin məcrada inkişaf edir. Bu gün demək olar ki, dövlət səviyyəsində bütün imkanlar yaradılıb. Sadəcə öz yerində olmayanlar mədəniyyətimizi çökdürməklə məşğuldurlar. Necə ki, Əbülfəs Qarayev və onun komandası ötən müddət ərzində bu faciəni bizlərə yaşatdılar.

– Bütün bunlar çox yaxşıdır. Bəs sənət adamları özlərini yeni mühitdə necə ifadə edə biləcəklər?  

– Ona görə dəfələrlə deyirdik ki, incəsənətin bütün sahələri üzrə festivallar keçirilməli və əsil istedadlar üzə çıxarılmalıdır. Nazirliyin görəcəyi bütün işlər şəffaf olmalıdır. Bu yöndə kimin istedadı varsa, ona dəyər verilməlidir. Sənətdə kimin istedadı yoxdursa, birdəfəlik oradan uzaqlaşması ən doğru addımdır. Çünki hər bir sənət sahəsi məhz istedadların sayəsində inkişaf edir. Mədəniyyətin istedadların meydadına çevrilməsi dövlətmizin inkişafının təməl prinsipi kimi doktrina olaraq qəbul edilməlidir.

Söhbətləşdi: İ.SABİRQIZI