Məcburi köçkün ailəsi 26 ildir uçuq daxmada yaşayır - Ağsu İcra Hakimiyyəti şəhid-əlil, didərgin ailələrinə niyə qənim kəsilib?

Baxış sayı:
13741

Ağdamın Mərzili kəndindən 23 avqust 1993-cü ildə Ağsunun Muradlı kəndindəki uçuq-sökük, “qamış bağçası”na “məcburi sığınan” Sarıgül İmanovanın böyük ailəsi 26 ildir qamışlıqdan, “məcburi sığınacaq qəfəsi”ndən qurtulacağı günü gözləyir. Ağsu RİH-nin məsul şəxsləri hətta fövqəladə hallar zamanı belə məcburi köçkün ailəsinin problemləri ilə maraqlanmırlar. Rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası Ağsuda baş verən son fövqəladə təbiət hadisəsinin nəticəsində yaşamağa tam yararsız hala düşmüş köçkün “evi”nə baxış keçirib, “itkin düşəndir”. Hamı bu itkinliyin səbəbini köçkün ailəsindən 2-5 min manat arası təmir-bərpa rüşvətinin alınmasının mümkünsüzlüyü ilə bağlayır. Bəli, Ağsuda uçub dağılan evlərin təmirinə 2 min, yenidən tikilməsinə 5 min manat rüşvət alandan sonra təmir-bərpa işlərinə başlanılır(dı). Özü də keçmiş başçının keçmiş müavini, hazırda “qaçqın” olduğu deyilən İqbal Mikayılov “qara kassir” görəvini daşıyıb! (?) Əlbəttə, zavallı qaçqının minlərlə manatı olsaydı, “itkin-qaçqın” RİH məmurlarının “mərhəməti”nə bel bağlamazdı, elə özü özünə gün ağlayıb, koma tikərdi. “Qaçqınkom” da, nədənsə, 26 ildir qaçqın ailəsindən qaçaq düşüb. Hətta ailənin yerli sakin olan həyat yoldaşını itirən gənc xanımına Ağdama gedib (?) qaçqın olması haqqında arayış gətirməsini, yalnız bundan sonra uşaqları ilə birlikdə “məcburi köçkün” statusunun bərpa ediləcəyi bildirilib. Bəs görəsən, bu boyda dövlət komitəsinin, onun Ağsu RİH şöbəsinin işinin adı nədir? Bunlar bilmir ki, hansı məcburi köçkün ailəsi, hansı tərkibdə, hansı tarixdə, hansı bölgədən didərgin düşüb? Xatırladırıq ki, qanunvericiliyin tələbinə görə, yerli sakinə ərə gedən xanım məcburi köçkün statusunu itirir, amma əri dünyasını dəyişən andan uşaqları ilə birlikdə statusu avtomatik bərpa olunur. Nə isə, mövzudan uzaqlaşmayaq, Ağdamdan olan Ağsulu məcburi köçkünün özü də, sığındığı qamış daxması da baxımsızlıqdan əziyyət çəkir. Ağsu RİH -in fövqəladə hallar komissiyası isə “görüm-baxım”sız məcburi köçkün ailəsinə baxmaq istəmir. Ağsu RİH Qarabağ əlilinin Pirhəsənli kəndində təbii fəlakətdən zərər çəkmiş evinə dəyən ziyanı ödəməmək üçün daha “təbii” yol seçib: EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNDƏN AĞSU RİH -İN SİFARİŞİ İLƏ AĞSUDA SON 5 İLDƏ HEÇ BİR TƏBİƏT HADİSƏSİNİN QEYDƏ ALINMAMASI HAQQINDA ALINAN ARAYIŞ ƏLİLİN EVİNİN ZƏLZƏLƏDƏN YOX, VƏLVƏLƏDƏN ZİYAN ÇƏKDİYİNİN SÜBUTU KİMİ İRƏLİ SÜRÜLÜB! Maraqlıdır, görəsən, Ağsu RİH niyə aztəminatlı ailələrə qənim kəsilib(di) və yeni başçı bu özbaşınalığa son qoyacaqmı? Məğrur BƏDƏLSOY, Muxalifet.az