Məcbur köçkün 25 ildir “çörək pulu” ala bilmədiyini bildirir – PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
7513

Laçın  rayonun Bozlu kəndindən köçkün, hazırda Abşeron rayonun, Aşağı Güzdək qəsəbəsi, Ə.Vahid küçəsi, ev 4-də  qeydiyyatda olan və yaşayan Rəhimova Sevil Oktay qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktubunda Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi bildirir ki, məcburi köçkün kimi qeydiyyatda olduqları Dövlət Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin Abşeron şöbəsindən ailə üzvlərinə düşən “çörək pulu” verilmir:
“25 ildir ki, Laçın rayonun Bozlu kəndindən məcburi köçkün düşən valideynlərim, bacı-qardaşlarımla birlikdə Abşeron rayonunda yaşayıram. Elə o vaxtdan da  ailə qurmuşam. 3 övladım var. Uşaqların hamısı yetkinlik yaşlarına çatıblar. Yoldaşım əvvəl sürücü işləyirdi. Hazırda işsizdir. Elə uşaqlar da hərdən günəmuzd işlərlə məşğul olurlar. Bir-iki mal heyvan saxlayıb, güzəran edirik. Bu vaxta qədər birtəhər ailəmizi dolandırmışıq. Həyat yoldaşım azdan-çoxdan evə qazanc gətirirdi. Ona görə də mənə deyirdi ki, məcburi köçkün kimi dövlətin ayırdığı “çörək pulu”ndan ötrü müraciət eləmə. Baxmayaraq ki, bu təzminat indi də Abşeron rayonunda qeydiyyatda olan valideynlərimə, bacı-qardaşlarıma indi də verilir. Təkcə məndən başqa.
Axı mən də Dövlət Qaçqılar və Məcburi Köçkünlər Komitəsinin Abşeron şöbəsindən məcburi köçkün kimi AA seriyalı 412840 nömrəli və 189 N-li vəsiqənin sahibiyəm. Həyat yoldaşıma olmasa da, biz - 3 uşaq və mənə dövlətin ayırdığı “çörək pulu” təzminatı hesablanıb verilməli idi. İndi iqtisadi vəziyyətimiz çətinləşib. Normal işimiz, məşğuliyyətimiz yoxdur. Ona görə də hamı kimi mən də uşaqlarımla birlikdə dövlətin bizə ayırdığı, lakin ünvanına çatmadığı “çörək pulu” kompensasiyanı almaq istəyirik.
Çox hörmətli Prezident və Mehriban xanım!
Sizdən çox xahiş edirik, son illərdə bizə verilməyən “çörək pulu”nun yenidən hesablanıb, ailəmizə verilməsi məsləsində köməklik göstərəsiniz. Çox sağ olun”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.