“Mayda toy olmaz” iddiasına iki baxış

Baxış sayı:
4987

Qadağanın heç bir dini, tibbi və astroloji əsası yoxdur

Bəziləri bu düşüncənin hələ Roma imperiyası dövründə yarandığını iddia edir. Belə ki, may sözü latın dilində “maius” sözündən götürülüb, hansı ki, “May İlahəsi” belə adlandırılıb. Digər iddialarda isə qeyd olunur ki, Romada may ayında “Lemuriya” adlı tədbir keçirilirmiş. Bu ayda bütün məbədlər bağlanar, dünyasını dəyişənlər yad edilər, dualar oxunarmış. Beləliklə, bu ayda toy, şənlik məclisləri keçirilməyib.

Digər iddialara görə isə mayda toy keçirilməməsi bu ayda yasəmən çiçəyinin açması ilə bağlıdır. Belə ki, çiçəyin mənası “ya sən, ya da mən” olduğu üçün mayda əylənməyin, toy keçirməyin düşər-düşməməzliyi olduğuna inananlar var. Və yaxud bildirilir ki, may ayında yağışlar çox yağdığından bu ay “ağlayan dövr” kimi xarakterizə olunur. Beləliklə, təbiət ağladığı zaman, insanlar da şadlıq etmək, əylənmək istəmir.

Bir qisim yaşlı insanlar qeyd edir ki, may ayında toy edilməməsi ənənəsi təxminən 2 əsr əvvəl Azərbaycana gələn ruslar tərəfindən qoyulub. Məlum olduğu kimi, həm ruslar, həm də ermənilər arasında may ayının uğursuz olması ilə bağlı bir mif var. Bu gün də bu mifin daşıyıcıları olsa da, artıq buna inanmayanlar daha çox üstünlük təşkil edir.

Ermənilər isə bir əsr əvvəl, qondarma erməni soyqırımı ilə əlaqədar hər il aprelin 24-dən mayın 24-dək yas saxlayır, bu müddəti matəm kimi qeyd edirlər. Beləliklə, Sovet dövründən bu günə qədər həm ermənilərin, həm də rusların təsiri ucbatından ölkəmizdə hələ də may ayını “vay ayı” kimi qəbul edənlər var.

Bununla belə bəziləri “may ayında toy edilməz” inancının tibbi baxışla da əlaqələndirir. Qeyd edilir ki, bu ayda fəsil dəyişməsi ilə əlaqədar olaraq insan orqanizmində də həm mənfi, həm də müsbət dəyişikliklər olur. Bu dəyişikliklər insana yüksək əhval-ruhiyyə gətirsə də, qəm-kədər, depressiya halları da yarada bilir. Həmçinin ağır xəstəliklərdən əziyyət çəkənlər orqanizmdə baş verən dəyişikliklər üzündən gözlənilmədən dünyasını dəyişə bilir. Beləcə, may ayı xəstələr üçün ən təhlükəli ay hesab olunur.

Lakin ölkəmizdə getdikcə bu ayla bağlı mif dağılmağa başlayır. Məsələn, məsələ ilə bağlı bir neçə restoran və şadlıq evləri ilə əlaqə saxladıqda bizə bildirildi ki, “artıq may ayında da toyların sayı artmağa başlayıb”. Bunun da öz səbəbi var, çünki may ayı ilə bağlı mövcud olan inanclar üzündən restoran və şadlıq evləri bu ayda qiymətlərdə xeyli güzəştlər edir, müştəri cəlb etmək üçün müəyyən kampaniyalar keçirir. Sərfəli qiymətlərdən yararlanmaq üçün toy etmək istəyənlər tələsməyə çalışır. Lakin bu il Ramazan ayı may ayına təsadüf etdiyindən, böyük ehtimalla mayda toyların sayı çox az olacaq. Hərgah, mübarək ayda toy yasaq deyil.   

Bu arada qeyd edək ki, qonşu Türkiyədə cütlüklərin əksəriyyəti elə məhz may ayında toy etməyi sevir. Səbəb isə budur ki, may ayında hər tərəfə yaşıllığa bürünür, bununla belə hava çox da isti, yandırıcı olmur, bu səbəbdən toylar əsasən açıq havada keçirilir. Əsasən Avropa tipli bu cür toylar daha az xərcli və daha əyləncəli olur.

Emil Rahiloğlu ile ilgili görsel sonucu

“May ayında toy keçirlməməsinin dinlə heç bir əlaqəsi yoxdur”. Bu sözləri ilahiyyatçı Emil Rahiloğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi. “Düşünürəm ki, bəziləri bunu may ay ayında maddi durumun aşağı olması ilə əlaqələndirir. Belə ki, may ayında əkin-biçin, məhsuldar ayı olmadığından belə düşünür. Amma bu düşüncə yanlışdır. Dində bütün aylar, günlər hər bir bəndə üçün uğurlu sayılır. Bir tək həftənin cümə günü daha uğurlu sayılır. Və yaxud ildə elə günlər olur ki, Allah həmin günlərdə bəndələrinə daha çox ibadət etməyi tövsiyə edir. Məsələn, Qədir gecələri, Şaban ayı, Rəcəb ayı və sairə. Beləliklə, ilin bütün ayları və günləri bərəkətli, uğurludur, yetər ki, bəndənin özü yaxşı bəndə olsun”.

Astroloqlar da bildirir ki, mayda toy olmamasının nəinki dinə, həmçinin astrologiyaya da aidiyyəti yoxdur. Bu barədə astroloq Səbuhi Rəhimli mövzu ilə bağlı mediaya açıqlamasında bildirib: “Deyilənə görə, bu ənənə uydurma erməni soyqırımı ilə bağlı yaranıb. Belə ki, ermənilərin uydurma soyqırımına tutduqları yasın əsas hissəsi maya düşdüyündən bu ay toy olmurdu. Həmin ənənə özümüz də bilmədən Azərbaycanda hələ də saxlanılır. Başqa heç bir səbəb yoxdur. Tibbi və ya elmi cəhətdən may ayında toy olmaması üçün heç bir səbəb göstərilmir. Düşünürəm ki, may ayında toy eləməyin uğurlu tərəfləri çoxdur”./musavat.com