"Maşınına “Satılır” yazan cərimə edilə bilməz, amma…" - Polkovnik

Baxış sayı: 227

Avtomobil üzərinə “Satılır” elanı vurmaq və əlaqə nömrəsi qeyd edərək onu idarə etmək yolda qəza törətmə və qəza riski yaratma ehtimalını artırır. Bu elan yolda hərəkət zamanı digər sürücülərin, xüsusilə avtomobil almaq istəyənlərin diqqətini yayındırır.
 
Bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov şəxsi maşınına “Satılır” elanı yazanların cərimələnəcəyi ilə bağlı məsələni şərh edərkən deyib. V.Əsədov hesab edir ki, həmin sürücünün saxlanılıb məsuliyyətə cəlb edilməsi yox, o sürücülər arasında təbliğatın aparılması daha vacibdir:
“Sürücü öz məsuliyyətini dərk etməlidir. Bilməlidir ki, avtomobilini “Satılır” elanı vurub, əlaqə nömrəsi qeyd edərək idarə edirsə, yolda özü üçün də, digər sürücülər üçün də təhlükə yaradır. Belə avtomobillərin yolda qəza törətmə və qəza riski yaratma ehtimalı daha çoxdur. Avtomobili satmaq üçün müxtəlif yollar var. Saytlar, jurnallar, satış obyektləri fəaliyyət göstərir. Müraciət edib avtomobillərini satışa qoya bilərlər”.
V.Əsədovun sözlərinə görə, qanunda göstərilən tələblər pozularsa, bununla bağlı lazımi addım atılacaq:
“Bu, həmin avtomobilin cərimələnməsinə imkan verirsə, onun hərəkətində inzibati xəta tərkibi varsa, bu istiqamət üzrə yol polisi fəaliyyət göstərəcək. Kim hesab edirsə ki, avtomobil idarə edilə-edilə onun satılma ehtimalı yüksəkdir, çox yanlış fikirdədir. Bu, diqqət yayındıran hərəkətdir. Həmin nömrəni götürmək istəyən sürücü ola bilər ki, o avtomobilə çatmaq üçün sürəti artırsın, idarəetməni itirsin və ya həmin nömrəyə zəng etmək istəyən zaman idarəetməni itirsin. Bunlar hamısı qəza ehtimalı yaradır”.
V.Əsədov hüquqşünas, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun - “Hərəkətdə və ya hərəkətsiz, şəxsin öz avtomobilini satması reklam haqqında qanunun tələblərini pozmur” açıqlamasına da münasibət bildirib. O, Ə.Hüseynovu haqlı hesab edərək bildirib ki, ekspertin dediklərində həqiqət var:
“Ərşad bəy hüquqşünas kimi düzgün mövqe göstərib, qanunda olan tələbi deyib. Mən də yol polisi olaraq tövsiyyə edirəm ki, bu xəta ilə bağlı “Yol Hərəkəti haqqında” qanunda müvafiq bənd nəzərdə tutulmasa belə, inzibati xəta tərkibi varsa, qanun pozuntusuna yol verən sürücülərə qarşı lazımı addım atılacaq”.
Qeyd edək ki, avtomobillər üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, reklam xarakterli informasiya olan təsvirlər üçün lazımi sertifikatı almaq lazımdır. Avtomobilin şüşəsində "Satılır" yazısı yapışdırmaq reklam hesab edilir. "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi" qaydaların pozulmasına görə fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib.
Ekspertlər isə şəxsi avtomobilini satmaq üçün üzərinə “Satılır” elanı vuran şəxslərin qanunu pozmadığını və bunun reklam olmadığını qeyd edir. Çünki şəxsi maşının satışında qazanc güdülmür(axar.az).