Masazırda evə basqın – Qadının protez dişini apardılar

Abşeron rayonunda quldurluq hadisəsi baş verib.
 
Masazır qəsəbə sakini, 65 yaşlı Dürdanə Abbasovanın evinə iki nəfər naməlum şəxs basqın edib.
Basqınçılar qadının əl-qolunu bağlayıb, ondan qiymətli əşya və pul tələb ediblər.
Naməlum şəxslər Dürdanə Abbasovanın bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarətlər yetiriblər.
Daha sonra evdən 400 manat, “Nokia” markalı mobil telefon, zərərçəkmişin protez dişlərini, qızıl əşyalarını götürərək aradan çıxıblar.
Dürdanə Abbasova baş verən hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət edib. O, bildirib ki, evinə daxil olan iki nəfərdən biri qapıda dayanıb, digəri isə ona işgəncə verib.
Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törədənlərdən biri - Bakı şəhər sakini Elbrus Məmmədov müəyyən olunaraq tutulub.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə onun hadisəni Bakı şəhər sakini Heydər Əhmədovla birgə törətdiyi müəyyən edilib. Onun Nəsimi rayonu ərazisində törətdiyi telefon oğurluğuna görə 20-ci polis bölməsi əməkdaşları tərəfindən tutulduğu müəyyən edilib.
Məlumata görə, şübhəli şəxs qismində saxlanılan şəxslər əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıblar.
Faktla bağlı cinayət işi başlanıb.