Masallıdakı faciədən sonra qohumların toyu təxirə salındı

Baxış sayı:
112

Masallı rayonunda səkkiz nəfərin ölümü ilə nəticələnən mikroavtobus qəzası bir neçə ailəni yasa boğub.
Unikal.org-un əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən şəxslər Bakının Xəzər rayonu Binə qəsəbəsində yaşayırlar. Onlar Lerik rayonunda keçirilməli olan toya gedirmişlər. Bu qəzadan sonra dünyasını dəyişən şəxslərin gedəcəyi iki toy təxirə salınıb.
Sözügedən xəbəri Unikal.org-a təsdiqləyən Lerik Rayon İcra Hakimiyyətinin Qosmalian kənd üzrə icra nümayəndəsi Oqtay Şıxaliyev təsdiqləyib:
"Dünyasını dəyişən şəxslər Bakıda yaşayırdılar. Sadəcə valideynləri və qohumları burada yaşayır. Onlar da Lerikdə keçirilməsi nəzərdə tutulan iki toya gəlirdilər. Bu faciədən sonra qohumların xeyir işləri təxirə salındı."
İcra nümayəndəsi ağır qəzadan sonra bəzi şəxslərin intihar etməsi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:
"Qəzada ölən 2006-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlunun anasının və qəzaya səbəb olan sürücü Nizami Mustafayevin bacısının intihar etməsi ilə bağlı xəbər yalandır".