​Maşallah Əhmədov: "Azadlığımı əlimdən ala bilərsiniz, amma...."

Baxış sayı: 186

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə davam edib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə "Sahil MTK"nın sahibi Kamil Alıyev dindirilib. O ifadəsində bildirib ki, podratçı şirkət tərəfindən M.Əhmədova daşların alınması və bir blokun üzlənməsinə görə 27 min manat verilib. Prosesdə M.Əhmədovla zərərçəkən Yusif Əzizov arasında gərginlik yaşanıb. M.Əhmədovməsələyə emosional reakdiya verib:
"Mənim azadlığımı əlimdən ala bilərsiniz, amma dinimi, imanımı ala bilməzsiniz. Yusif Əzizovla İranda bir yerdə olmuşuq. Daşların qiymətini dəqiq bilir. İndi burada mənə şər ata bilməz".
"Sahil MTK"nın iş icraçısı Musa Qaybullayev deyib ki, malların alınması və görülən işlə bağlı "Sahil İnşaat Group" MMC arasında müqavilə imzalanıb. Zərərçəkmiş Y.Əzizovun nümayəndəsi Neman Kərimov Maşallah Əhmədova sual verərkən tanınmış futbolçu ona barmaq silkələyib. N.Kərimov isə Maşallah Əhmədovu dələduz adlandırıb. M.Əhmədovun vəkili Əli Hüseynov bildirib ki, müvəkkilinin barəsindəki hökm qanuni qüvvəyə minmədiyi üçün nümayəndə onu dələduz adlandıra bilməz və dərhal üzr istəməlidir. N.Kərimov üzr istəməyəcəyini bildirib. Hakim Faiq Qasımov N.Kərimova protokolla xəbərdarlıq edib. Sonra hakimlər öz təşəbbüsləri ilə daşların qiymətlərinin müəyyən edilməsi ilə bağlı Əmtəəşünaslıq ekspertizasının təyin edilməsi ilə qərar çıxarıblar. Buna görə də proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib./lent.az/