Marşal rütbəsi alınan, öz poqonunu yerə soxan, arvadı oğurlanan general – Kulikin cüllüt gününə qoyulması

Baxış sayı:
9991

O hər gün dəmir barmaqlıqlar arasından qışqırırdı: “Stalinə deyin ki, məni burada döyürlər”. Amma özü də yaxşı bilirdi ki, qışqırığını yalnız Lefertovonun divarları eşidir. Kiçik rütbəli türmə nəzarətçiləri isə nə vaxtsa marşal rütbəsi daşıyan Qriqori Kulikə ən qorxaq hərbçi kimi baxırdılar. Qorxaq, cəsarətsiz, əlacsız... SSRİ-nin tanınmış peşəkar hərbçilərinin, general və marşallarının qənaətinə görə, Qriqori Kulik bütün sovet dövrünün ən yarıtmaz marşalı olub. O, bir neçə dəfə rütbəsindən məhrum edilib, mükafatları əlindən alınıb, bütün bu cəzalara baxmayaraq, ona yenidən şans verilib, amma yenə də işinin öhdəsindən gəlməyi bacarmayıb. Qriqori Kulik 1890-cı ildə Poltavada anadan olub. 1912-ci ildə sıravi kimi çar ordusunda xidmətə başlayıb. 1917-ci ildə çox böyük siyasi çevikliklə bolşeviklər partiyasına daxil olub. 1918-ci ildən Voroşilovun komandiri olduğu 5-ci orduda hərbi xidmətini davam etdirməyə başlayıb. Məhz Voroşilovla tanışlığı və yaratdığı isti münasibət Kulikin gələcək hərbi karyerasında böyük rol oynayıb. Kulik Frunze adına Hərbi Akademiyanı bitirdikdən sonra çiyinlərindəki ulduzları sürətlə daha böyükləri ilə əvəzləyib. Heç bir təşkilatçılıq qabiliyyəti olmayan, zəif hərbi biliyə malik Kulik 1939-cu ilə qədər SSRİ-nin ayrı-ayrı bölgələrində artilleriya hissələrinin və hərbi birləşmələrin komandiri vəzifəsində çalışıb, sovet-fin müharibəsinin iştirakçısı olub və harada xidmət etməsindən asılı olmayaraq fərqli mövqe nümayiş etdirə bilməyib. 1939-cu ildə Müdafiə komissarlığına (Müdafiə Nazirliyinə) müavin təyin olunanda bu təyinat peşəkar hərbçilərin qıcığına, etirazına səbəb olub. Və hamı yaxşı bilib ki, Kulikin arxasında həmin dövrdə müdafiə komissarı olan Kliment Voroşilov durur. Voroşilov 1940-cı ildə Kulikə marşal rütbəsi almağaa da nail olub. Amma zaman-zaman Voroşilovun özü da Kulikin “hərbi talant”ından “əziyyət” çəkməyə başlayıb. Almaniya-SSRİ müharibəsi başlananda Kulik qərb cəbhəsinə göndərilib. Ona 10-cu ordunun yenidən təşkili və əks-hücum planı tərtib etmək tapşırılıb. Cəmisi 6 gün keçdikdən sonra 10-cu ordunun qərargah rəisi Stalinə məxfi teleqram göndərib. Teleqramın məzmunu Kulikin yoxa çıxması ilə bağlı olub. Belə ki, əks-hücum başlananda Kuliklə rabitə əlaqəsi kəsilib və “itən marşal” yalnız 12 gündən sonra üzə çıxıb. Müdafiə Komitəsinə yazdığı izahatda Kulik bildirib ki, almanların zəbt etdiyi kənddə mühasirəyə düşüb, hərbi mundirini, rütbələrini, orden və medallarını, sənədlərini ataraq köhnə bir kəndli paltarı geyinib, çətinliklə almanların nəzarətində olan kənddən uzaqlaşa bilib. Sözsüz ki, marşalın bi “qoçaqlığı” Stalinin qəzəbinə səbəb olub və Kuliki geriyə, Moskvaya çağırıblar. Bu hadisə ilə bağlı Stalin Voroşilova iradını da bildirib: - Kliment Yefremoviç, sovet marşalının müharibə dövründə müəmmalı şəkildə 12 gün yoxa çıxmasının nə demək olduğunu dərk edirsinizmi? - Əlbəttə, yoldaş Stalin. - Əgər dərk edirsinizsə, onda siz şəxsən özünüz marşal Kuliki güllələməlisiniz. Amma mən sizə şans verirəm. Tarixçilərin qənaətinə görə, əgər Stalinin Voroşilova böyük rəğbəti, xüsusi münasibəti olmasaydı, o, Kuliki dərhal güllələtdirəcəkdi. Beləliklə, Moskvaya çağrılan Kulik çox keçmədən yenidən Müdafiə Komitəsində müzakirə mövzusuna səbəb olub. Leninqrad cəbhəsində 54-cü əlahiddə orduya komandir təyin olunan Kulik bu dəfə təşəbbüskarlığı ilə “fərqlənib”. Məhz həmin ərəfədə Leninqrad cəbhəsinə Jukov komandanlıq edib. Baş qərargah tərəfindən təsdiq olunmuş geniş miqyaslı əməliyyatı həyata keçirərkən Jukov bəzi saatlarda Kulikin rəhbərlik etdiyi 54-cü ordunun hücumlarını təyin edib. Əməliyyat zamanı Kulik tərəfindən gözlənilən hücumlar olmayıb və əməliyyat baş tutmayıb. Uğursuzluq növbəti dəfə Stalinin qəzəbinə səbəb olub. Bu dəfə isə o, qəti qərarını verib. Kulikin rütbəsi aşağı salınaraq marşal rütbəsindən general-mayor rütbəsinə salınıb, Sovet İttifaqı Qəhrəmanı fəxri adı və “Lenin” ordeni mükafatları isə əlindən alınıb. Bir müddər Müdafiə Komissarlığının sərəncamında qalan Kulik bu dəfə Jukovun mərhəməti hesabına 4-cü orduya komandir təyin edilib və general-leytenant rütbəsi alıb. Sonralar Jukov öz xatirələrində bu mərhəmətinə görə özünü günahlandırıb: “Növbəti döyüş əməliyyatlarının birində 4-cü ordu şimal tərəfdən hücuma keçməli, almanlar mühasirəyə salınmalı idi. Bu ordunun komandiri general Kulik idi. Ancaq gözlənilən baş vermədi. Biz öz mövqeyimizdə bir neçə saat tab gətirə bilsək də, Kulikin hücumu alınmadı. Bundan sonra baş qərargah Kulikin komandanlıqdan uzaqlaşdırılması məsələsini qəti şəkildə qoydu...” Kulik cəbhədən uzaqlaşdırılaraq Moskvada kabinet işinə təyin olunanda öz etirazını bildirib, içki məclislərində təkcə hərbi rəhbərliyi yox, həm də Stalinin ünvanına xoşagəlməz sözlər söyləyib. Əyləncələrə meylli olan Kulikin həyat tərzi haqqında Stalinə də məlumat verilib. Elə bu arada general-leytenant Kulikin rütbəsini yenidən aşağı, general-mayor rütbəsinə salıblar. 1946-cı ildə general Kulik bütün vəzifələrindən azad olunub, partiya sıralarından xaric edilib. 1947-ci Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komissiyası Kulikin fəaliyyətini araşdırıb və Kremlə Kulikin sovet rejiminə qarşı çıxması ilə bağlı geniş arayış təqdim edib. Beləliklə, Qriqori Kulik sonuncu “mənzil”inə, Lefertovoya yola salınıb. 1950-ci ildə 59 yaşında olarkən Ali Məhkəmənin qərarı ilə vətənə xəyanət, vəzifədən sui-istifadə maddələri ilə o, ən əğır cəzaya, güllələnməyə məhkum edilib. Qriqori Kulikin şəxsi həyatı da uğursuz olub. O, birinci dəfə alman əsilli Lidiya Paulla ailə həyatı qurub. Bu nikah uzun çəkməyib, üç ildən sonra cütlük ayrılmaq qərarını verib. Marşal ikinci dəfə hədsiz dərəcədə gözəlliyi ilə fərqlənən Kira adlı bir xanımla həyat qurub. Stalinin mühafizəçisi general Vlasik xatirələrində bu qadın haqqında yazıb: “Kiranın gözəlliyi dillər əzbərinə çevrilmişdi. Kreml tədbirlərində məmurlar gözlərini ondan çəkə bilmirdilər və hətta ona gizli eşq elan edənlər də var idi...” Marşal Kulik bu gözəllikdən yetərincə doya bilməyib. 1939-cu ildə Kira Moskvanın mərkəzində oğurlanıb. Araşdırmalara görə, onun heç bir günahı olmayıb. Sadəcə, Kira adlı bu gözəl xanım birincilərdən kiminsə xoşuna gəlib. Onu bir neçə gün “istifadə” etdikdən sonra əlçatmaz sayılan Suxanovka türməsinə aparıblar. Marşal Kulik həyat yoldaşının tapılması üçün Beriyaya müraciət edib. Beriya isə ümumittifaq axtarışın aparılması ilə bağlı “göstəriş” verib. Özü isə bir neçə gündən sonra Suxanovkada Kiraya “əl gəzdirdikdən” sonra qadını şəxsən güllələyib. Kulik bu hadisədən bir neçə ay sonra üçüncü dəfə ailə həyatı qurub. Marşalın növbəti “hədəfi” Olqa Yakovlevna özündən 32 yaş kiçik olub. Xudmani toy məclisində Stalin də iştirak edib... P.S. Ruslar bizim cüllüt kimi tanıdığımız quşa “kulik” deyirlər. musavat.com