​Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"

“Mən çox sevinirəm ki, hörmətli Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə azərbaycanlı vətəndaşlarımızla görüşə gəlmişik. Azərbaycanlılar Gürcüstan dövlətçiliyini yaradanlardan biridir və biz dostluğumuzu daha da möhkəmləndiririk”.
Bu sözləri Marneulidə azərbaycanlılarla keçirilən görüşdə çıxış edən Gürcüstan prezidenti Giorgi Marqvelaşvili deyib. O bildirib ki, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə mühüm layihələr həyata keçirilir. Dövlət başçısı gürcü dilinin azərbaycanlılar tərəfindən öyrənilməsinə sevindiyini söyləyib: “Azərbaycanlılar Gürcüstan cəmiyyətinə inteqrasiyaya can atırlar. Sizin istedadınız bizə lazımdır. Bu istək və tələbat həmişə hiss olunur və biz sizə həmişə dəstək olacağıq”.
G. Marqvelaşvili bəyan edib ki, Gürcüstan öz azərbaycanlıları ilə güclüdür: "Gürcüstanda dövlət dilini öyrənməyiniz həm də sizin mədəniyyətinizin, ana dilinizin inkişafı deməkdir. Siz Gürcüstan vətəndaşı olaraq öz mədəniyyətinizi, tarixinizi və adət-ənənələrinizi unutmamalısınız”.
 Prezident azərbaycanlılar yaşayan bölgələrdə kənd təsərrüfatı və infrastruktur sahələrinin getdikcə inkişaf etdiyini vurğulayıb: "Mən Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə kənd təsərrüfatının, infrastrukturun getdikcə inkişaf etdiyini görürəm. İndi Gürcüstanın Ümumi Daxili Məhsulunun 9 faizini azərbaycanlılar verir. Bizə yeni imkanlar lazımdır ki, Avropa bazarına daxil olaq. Gürcüstanda bunun üçün potensial var. Ölkəmizdə kənd təsərrüfatı sahəsində yeni və Avropa standartlarına uyğun standartların tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu regionda iqtisadiyyatın inkişaf etdirilməsi və turizmin inkişafı vacibdir. Marneulidə və regionun digər bölgələrində yeni inkişaf perspektivləri işlənilməlidir. Bölgədə yeni layihələr həyata keçirilməlidir. Yüklərin daşınması, enerji və logistik layihələr Gürcüstan üçün səmərəli və faydalıdır”(apa).