Marneulidə silahlı hücum nəticəsində yaralanan 5 azərbaycanlıdan ikisinin vəziyyəti ağırdır

Hazırda onlar həkim nəzarəti altındadırlar
Gürcüstanın Marneuli rayonunda partiyanın seçki qərargahına silahlı hücum nəticəsində yaralanan 5 nəfərdən ikisinin vəziyyəti ağırdır.
"Report" "Kavkazskiy Uzel" internet-nəşrinə istinadən xəbər verir ki, bu barədə təcili-tibbi yardım bölməsinin həkimi Teya Zaridze bildirib.
"Yeli vaxtla təqribən saat 23:30-da güllə yarası almış dörd pasient qəbul edilib. Onların ikisi əməliyyat olunub. Hazırda onlar reanimasiya şöbəsindədirlər və vəziyyətləri sabit ağır olaraq qalır. Söhbət qarın boşluğu nahiyəsindən güllə yarası alanlardan gedir", - həkim vurğulayıb.
Onun sözlərinə görə, digər iki pasient klinikaya ayaqlarından güllə yarası almış vəziyyətdə gətirilib və hazırda onlar da həkim nəzarəti altındadırlar: "Beşinci yaralı yüngül xəsarətlər aldığından artıq klinikanı tərk edib".
Xatırladaq ki, "Gürcü arzusu" Partiyasının qərargahına hücum ktyabrın 19-da axşam saatlarında Marneuli rayonunun Qızılhacılı kəndində baş verib. Yaralılar Marneulidəki xəstəxanaya yerləşdiriliblər. Yaralılar partiyadan rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən, azərbaycanlı Ceyhun Çovdarov, onun atası Azad Çobanov, kəndin digər sakinləri - Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynovdur.
Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerinə baş çəkərək, baş verənlərə siyasi don geyindirməməyə çağırıb.