​Manvel Sarkisyan: “Ermənistan prezidenti heç özü də bilmir ki, ölkənin sahibidir ya yox...”

“Ermənistanda pula kim nəzarət edəcəksə, ölkənin ağası da o olacaq”

Ermənistanın tanınmış politoloqlarından, “Milli və beynəlxalq strateji araşdırmalar məkəzi”nin direktoru Manvel Sarkisyan ölkənin 1-ci informasiya saytına müsahibə verib. Həmin müsahibədə Sərkisyan Ermənistan hakimiyyəti və daxili siyasi proseslərlə bağlı maraqlı açıqlamalarla yadda qalıb.
Jurnalist Məryəm Qriqoryan bu günlərdə Rusiya və Ermənistan prezidentləri arasında keçirilən görüşün daxili siyasətdə hansı vəzifələri həll edəcəyi ilə maraqlanıb.
M.Sarkisyan 2018-ci ildə Ermənistanda daxili struktur dəyişikliklərinin gözlənilməsi (ölkədə idarəçilik üsulunun dəyişməsi-red.) səbəbindən görüşdə bu məsələnin mütləq müzakirə olunduğunu deyib.
Politoloq Rusiyanın bu məsələdə baş nazir Karen Karapetyan faktorunu kənara atmadığını da diqqətə çatdırıb: “Ola bilsin ki, Rusiya prezidenti dəyişikliklərin məhz Serj Sarkisyanın rəhbərliyi ilə baş verməsini istəyir. Lakin bu, Sarkisyanın bir daha düşdüyü acınacaqlı vəziyyəti göstərir: “görəsən mən bu ölkənin sahibiyəm ya yox...”
Onun bu cür məsələləri həll etmək gücü yoxdur, çünki dövlətin taleyini başqaları həll edir. Ölkənin siyasəti uçuruma yuvarlanmaqdadır. Elə həmişə güzəştə getmək olmaz. Çünki bunun nəticəsində bütün mövqelərini itirməli olursan. Buna görə bu adam hər dəfə ağlaya-ağlaya Putinin hüzuruna gedib ölkəyə yiyəlik edib-etmədiyini soruşmalı olur”.
 “Sizcə Rusiya Karen Karapetyanı seçə bilərmi? Çünki Moskvadakı bəzi oliqarxik dairələrin Karen Karapetyanı istədiyi barədə məlumatlar gəlir” - jurnalist soruşub.
 “Əgər Serj Sarkisyanın vəziyəti yaxşı olsaydı, heç vaxt Karapetyanı ölkəyə gətirməzdi. Burada oliqarxik sistem hökm sürür. Bu sustemin ən böyük gücü puldadır. Pul isə ölkədə yoxdur, onu çoxdan qarət ediblər. Ona görə də Sarkisyan Rusiya kapitalının köməyinə qaçıb. Belə situasiyada kimin pulu varsa, o da ağa sayılır”.
Müsahibədə erməni əsilli Rusiya milyarderi Samvel Karapetyanın ölkə iqtisadiyyatına 1 milyard dollar yatırılacağı barədə vədi soruşulub.
M.Sarkisyan bu suala da istehza ilə cavab verib: “Oliqarxiya hardan qidalanırsa ordan da idarə olunur. Bu cür məsələlər isə adətən siyasi qərarla, yəni Rusiyanın razılğı ilə həlll edilir. Əslində isə ölkəyə pul qoyan yoxdur. Bütün bu pullar xalqdan və dövlətdən oğurlanan sərvətlərdir və ölkənin əsas problemi də elə bundan ibarətdir.
İndi həm Serj Sarkisyan, həm də Karen Karapetyan bu pulların sahibinin özləri olduğunu iddia edirlər. Lakin onların heç birinin bu məsələyə dəxli yoxdur. Çünki pulları olsaydı, onu dərhal masanın üzərinə qoyardılar. Ölkənin müflisləməsi vəziyyəti belə bir situasiyaya gətirib çıxarıb.
Erməni əsilli Rusiya milyarderləri isə yalnız iqtisadi mənfəətlərini düşünürlər. Onları ölkənin milli təhlükəsizliyi maraqlandırmır. Bu adamların Tanrısı puldur. Başqa Tanrıya da inanmırlar...”
Musavat.com