“Əmanətlərin Sığortalanması Fondu şəffaf olmaq istəmir” - HÜQUQŞÜNAS

Baxış sayı:
25342

“Bu, korrupsiyanın mövcudluğuna şübhə yaradır”

“Bir xarici bankın bizim müflisləşmiş “Zaminbank”da vəsaiti qalıb. Həmin xarici bankın maraqlarını Azərbaycanda mən təmsil edirəm. Sözügedən xarici bankın adından dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişəm ki, ləğv prosesi haqda məlumat versin və Kreditorlar Komitəsini yaratsın. Lakin heç bir cavab yoxdur. Buna görə də ləğvetmə üzrə məhkəmə icraatı aparan Bakı Apellyasiya Məhkəməsinə müraciət etdim və qısa müddətdə cavab aldım”.
Muxalifet.az xəbər verir ki, bu barədə bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov bildirib.

“Məhkəmə qərar qəbul etdiyi halda, Fond indiyədək niyə Komitəni yaratmayıb?

“Apelyasiya məhkəməsi bildirir ki, “Zaminbank”da Kreditorlar Komitəsinin yaradılması üzrə qərarı hələ ötən ilin 18 aprel tarixində qəbul edib və Komitənin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilati işlərin və zəruri tədbirlərin görülməsini Əmanətlərin Sığortalanması Fonuna həvalə edib. Bəs, Fond indiyədək niyə Komitəni yaratmayıb? Niyə kreditorlara bankın vəziyyəti haqda heç bir məlumat vermir? Halbuki, qanuna görə ən azı rübdə bir dəfə bunu etməlidir”, - deyib hüquqşünas.

“Təsəvvür edin ki, Kreditorlar Komitəsi yaradılmayan müflis banklar hansı pozuntularla ləğv edilir

Ə.Həsənovun sözlərinə görə, Fond şəffaf olmaq istəmir: “Bu isə öz növbəsində müflis bankların ləğvetmə prosesində qanun pozuntularının, özbaşınalığın və korrupsiyanın mövcudluğuna şübhə yaradır. Həmin banklarda məhz kreditorların pulu qalıbsa, kreditorlardan gizli axı orada nə ola bilər? Misal üçün “Bank Standard”da sədri olduğum belə Komitə yaradılıb. Pis-yaxşı, amma Komitənin fəaliyyəti nəticəsində müəyyən şəffaflığa nail olmuş və çoxlu sayda qanun pozuntusu aşkar etmişik. Fond da yəqin məhz bizim Komitənin fəaliyyətindən qorxuya düşdüyü üçün digər müflis banklarda analoji komitələri yaratmır, hətta məhkəmənin qərarını belə saymır. İndi təsəvvür edin ki, Kreditorlar Komitəsi yaradılmayan müflis banklar hansı pozuntularla ləğv edilir”.

“Belə şəraitdə ölkəmizə kim pul yatırar, axı?!”

Əkrəm Həsənov sul edir ki, o, indi “Zaminbank”da pulu qalmış xarici banka necə izah etsin ki, Azərbaycanda kreditorların maraqları qorunmur: “Aparıcı xarici təcrübəyə görə, müflisləşmiş hər bir şirkətdə avtomatik kreditorların ümumi yığıncağı çağırılır və kreditorlar ləğvetmə prosesinə ilk gündən nəzarət edir. Buna görə xarici kreditorlar ölkəmizdəki bu özbaşınalığı başa düşmür. Deyirlər, axı bu necə ola bilər ki, kreditorlar ləğvetmə prosesindən kənarda qalsın? Nəticədə Azərbaycanın imicinə ciddi zərbə dəyir. Belə şəraitdə ölkəmizə kim pul yatırar, axı?!”
Cavid, Muxalifet.az