​Manatın bahalaşmasına səbəb olan amillər - Ekspert

Həm daxili, həm də xarici iqtisadi kandiktor və eyni zamanda fundamental və müvəqqəti şərhlər manatın möhkəmlənməsi istiqamətindədir. İlk növbədə manatın möhkəmlənməsinə təsir edən əsas faktor neftin dünya bazarında bahalaşmasıdır və bu bahalaşma ölkəyə daxil olan valyutanın həcmini artıran əsas faktordur. Və beləliklə, 2017-ci ildə ölkənin tədiyyə balansında müsbət profisit yaranıb. Bu profisitin ümumi daxili məhsulda payı 2.5 faiz üzərindədir.
Bu sözləri Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovun manatla bağlı açıqlamasını şərh edən iqtisadçı Rəşad Həsənov deyib. O bildirib ki, ölkənin strateji valyuta ehtiyatlarının həcmində də əhəmiyyətli artım var:
“Son dövrlər manatın məzənnəsində yaranan sabitlik yığımların strukturuna müəyyən qədər təsir göstərir. 2006-cı ilin göstəricilərinə görə, yığımların, depozitlərin və əmanətlərin 80 faizindən çoxu xarici valyutada idisə, hazırda bu göstərici 4 faiz azalıb. Bu, o deməkdir ki, cüzi də olsa, manatla yığımlarda müsbət tendensiya hiss olunur. Amma bununla paralel olaraq, digər bir məsələni də qeyd etmək lazımdır.Dövriyyədə olan manat kütləsinin həcmi hələ də 2014-cü ilin ortaları ilə müqayisədə əhəmiyyətli dərəcədə, yəni təxminən 40 faiz aşağıdır. Bu da proseslərə öz təsirini göstərən məqamlardan hesab olunur. Yəni dövriyyədə manatın az olması ABŞ dollarına tələbi aşağı salan faktorlardan biri hesab olunur. Digər tərəfdən, neftin qiymətinin qalxması nəticəsində şirkətlərin dövlət büdcəsinə ödəyəcəyi verginin həcmi də artır ki, bunun müqabilində xarici valyutanı bazarda kompensasiya edərək bazara daxil olan valyutanın həcmini artıra bilirlər”.
İqtisadçı manatın bahalaşması amilinə Beynəlxalq Bankın borc öhdəliklərinin restrukturizasiya edilməsini də göstərərək, bunun ölkədən çıxan valyutayanın həcminə təsir göstərdiyini bildirib:
“2010-2017-ci ildə ölkədən 1.3 milyarddan artıq xarici valyuta çıxmalı idi. Amma bu restrukturizasiya görə ödənişlər 500 milyon dollar həcmində olacaq. 800 milyon Azərbaycanın valyuta bazarları üçün kifayət qədər böyük göstəricidir. Mərkəzi Bankın hələ də yuxarı uçot dərəcəsi siyasətini həyata keçirməsi, bankların manatla kreditləşməyə nisbətən zəif təmin edilməsi və bu kimi digər məsələlər manatın xeyrinədir. Bu isə onu deməyə əsas verir ki, hər hansı bir kənar müdaxilə və inzibati təsir olmasa, manatın ucuzlaşması baş verməyəcək. Amma bu təsirlər böyük ehtimalla Mərkəzi Bankın timsalında hökumət tərəfindən neytrallaşdırılır ki, manat əhəmiyyətli səviyyədə möhkəmlənməsin. Çünki burada həm strateji, həm də taktiki maraqlar var. Belə ki, həm turizm sektorunda rəqabətliyin təmin edilməsi, yerli istehsalda rəqabətin artırılması, ixracın stimullaşdırılması kimi məsələlər var. Digər tərəfdən isə biznesdə və ictimayyətdə məzənnənin sabitliyinə inamın formalaşdırılması cəhdləridir. Bu məqsədlə hökumət manatın möhkəmlənməsinin qarşısını almaq istiqamətində addımlar atır”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov üzən məzənə rejiminin davamlı rejim olduğunu bildirərək, ilin sonuna kimi manatın bahalaşacağını vurğulayıb.