MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASINDA SÜRÜNDÜRMƏÇİLİK – Vətəndaşların şikayətləri cavabsız qalır

Baxış sayı:
5755

Hesablama Palatası isə qurumdakı yoxlamanın nəticələrini açıqlamır

Ölkə başçısının vətəndaşların banklardakı problemli kreditlərlə bağlı qərararının əsas icraçılarından olan Maliyyə Bazarlarına Nəzarət Palatasının(MBNP) işi heç də bütün vətəndaşları qane etmir. Məlum olduğu kimi, MNBP problemli kreditlər məsələsinin həlli üçün ayrılan vəsaitin istifadəsi və bölüşdürülməsi ilə yanaşı, vətəndaşların bu məsələ ilə bağlı şikayətlərini və müraciətlərini də araşdırmalıdır.

Lakin son zamanlar MBNP-yə öz problemli kreditlərilə bağlı hesablamalardan, ödənilən vəsaitlərdən narazı qalan vətəndaşların müraciətlərinin baxılması işində ciddi ləngimələr və süründürməçilik müşahidə olunur.

Bununla bağlı “AzPolitika.info”nun ünvanına da şikayətlər daxil olmaqdadır. Palatanın işindən şikayət edən vətəndaşlar bildirirlər ki, hələ iyun-iyul aylarından müraciət etmələrinə baxmayaraq, MBNP-dən bu günə qədər cavab ala bilmirlər. Hansı ki, onların şikayət və müraciətlərinə bir ay müddətində cavab veriləvcəyi bildirilirdi. Elə vətəndaşlar var ki, açıq-aşkar onlara ayrılan vəsaitin düzgün hesablanmadığını, azaldıldığını iddia edirlər. Lakin qeyd edirlər ki, MBNP onların müraciətlərinə vaxtında baxmır və süründürməçiliyə yol verir, vətəndaşların qəbulu isə MBNP-nin heç olmasa birinci mərtəbəsində də deyil, zirzəmisində aparılır. Bir sözlə, şikayətçilər iddia edirlər ki, MBNP ölkə başçısının məlum fərmanının icrasını lazım olan səviyyədə aparmır.

Bu arada Hesablama Palatası dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı MBNP-nin vəsaitlərin istifadəsinə dair audit yoxalaması keçirib. Bu barədə Hesablama Palatasından məlumat verilib.

“Kollegiya iclasında nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının göndərilməsi qərara alınıb”, – Hesabalama Palatasından məlumat verilir. Lakin Hesablama Palatası yoxlamarın nəticələrini nədənsə hələ dərc etmir.

hesablama_palatasi_51513777226

İyunun əvvəlində MBNP-dən məlumat verilib ki, kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edir.13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılmış Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcək. Lakin yaranan mənzərə onu deməyə əsas verir ki, müraciətlərə baxılmasının nə vaxt başa çatacağı barədə konkret nəsə söyləmək çətindir. Baxmayaraq ki, məlum fərmanın verilməsindən 8 ay, kompensasiyaların ödənişlərinə başlanmasından isə 6 aya yaxın vaxt keçir, vətəndaşların böyük bir qismi hələ də şikayət və müraciətlərinə cavab ala bilməyiblər.

Qeyd edək ki, MBNP-yə 2016-cı ildən 2018-ci ilin oktyabrına qədər qalmaqallı fəaliyyətilə yadda qalan Rüfət Aslanlı rəhbərlik edib. Hazırda isə qurumun İdarə Heyətinin sədri vəzifəsini İbrahim Alışov icra edir…

ibrahim-alishov-696x464-1-696x400

Xatırladaq ki, Prezident İlham Əliyevin fevral ayının 28-də fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682 mln. manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir. Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği isə 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmayıb.//azpolitika