Mahmudov Usubovun əleyhinə ifadə almaq istəyib – SENSASİON İDDİALAR

Baxış sayı:
1660

“Hacı Məmmədovla üzləşdirmədən sonra uzun müddət Zakir Nəsirovun iştirakı ilə heç bir istintaq hərəkəti aparılmadı. Bunun əvəzində MTN-nin yüksək rütbəli əməkdaşları (indi həbsdə olan) qanunsuz olaraq qeyri-rəsmi qaydada mənim iştirakım olmadan onunla görüşərək müəyyən adamların adını çəkməsi müqabilində kömək edəcəklərini vəd etdilər. Nəsirova deyilirdi ki, onun seçimi çox məhduddur, ya ifadə verb canını qurtaracaq, ya da ömürlük həbs cəzası alacaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Adil İsmayılov deyib. O, qeyd edib ki, MTN tərəfindən Nəsirova dəfələrlə təklif olundu ki, Hacı Məmmədovun törətdiyi cinayətlərdə Daxili işlər nazirinin iştirak etməsi barədə ifadə versin. 

Bu alınmadıqda isə təklif edildi ki, heç olmasa belə ifadə versin ki, nazirin Hacı Məmmədovun törətdiyi cinayətlərdə iştirak etməsi barədə onun rəhbərlik etdiyi Cinayət Axtarış İdarəsində əməliyyat məlumatları olub: “Bu da alınmayanda təklif olundu ki, yazılı ifadə verməsə də olar, şifahi danışsın. Nəsirov belə bir hal olmadığını bildirərək bundan da imtina etdi. 

Bu təkliflər keçməyəndə MTN əməkdaşları daha bir təklif etdi. Nəsirova təklif olundu ki, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin arvadının oğurlanmasının təşkilatçısı və sifarişçisinin Milli Bankın sədri Elman Rüstəmovun olması haqda hadisədən sonra DİN-ə əməliyyat məlumatları daxil olması barəsində ifadə versin. 

MTN-çilər öyrənmişdilər ki, Hacı vaxtı ilə narxozda Elman Rüstəmovla oxuyub. Nəsirov belə bir halın olmadığını deyib ifadə vermədi. 

Bu təkliflər barəsində təcridxanada mənə danışan Nəsirov dedi ki, təsəvvür edirsən nə vaxtsa nəvələrimlə gəzişərkən bir nəfər bizə yaxınlaşıb üzümə tüpürür və nəvəmin yanında deyir ki, sənin baban məni şərləyib tutdurub”.

A. İsmayılov xatırladıb ki, 2005-ci ilin oktyabr ayında Nəsirov Zakir Qaralova rəsmi ərizə ilə müraciət edərək onu qəbul etməsini xahiş etdi. Burda isə məqsəd qanunsuz həbsi, ona qarşı edilən haqsızlıqlar və MTN əməkdaşlarının etdiyi təkliflər barəsində Baş prokurora məlumat vermək idi: “Lakin baş prokuror onu qəbul etməkdən imtina etdi. Cinayət işinə heç bir aidiyyatı olmayan və işdə prosessual fiqur olmayan Baş prokurorun köməkçisinin imzası ilə 13 oktyabr 2005-ci il tarixli məktub aldı”. 

Məktubda aşağıdakılar yazılmışdı.

“Sizin Azərbaycan Respublikası baş prokuroru cənab Zakir Qaralova ünvanladığınız Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş idarəsi tərəfindən istintaq olunan 404/87958 saylı cinayət işi üzrə əsassız olaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmağınız barədə ərizənizə Respublika Baş prokurorluğunda baxılmışdır. Müəyyən edilmişdir ki, hüquqlarınızı müdafiə etmək üçün vəkil Adil İsmayılovun rəhbərliyi ilə daha iki nəfər müdafiəçi istintaqa buraxılmış, onlarla sayı və müddəti məhdudlaşdırılmayan konfedensial ünsiyyət saxlamaları üçün Sizə şərait yaradılmışdır. İstintaq materialları ilə Sizin əsaslı olaraq cinayət məsuliyyətinə cəlb olunmağınız tam sübuta yetirilmişdir”. 

A. İsmayılov bildirir ki, istintaqa aidiyyatı olmayan bir şəxsin istintaq başa çatmamış, Nəsirovun əsaslı olaraq cinayət məsuliyyətinə cəlb olunmasının tam sübuta yetirilməsini və bu zaman istintaq materiallarına istinad etməsini başa düşmək mümkün deyildi, bu ən azı təqsirsizlik prezumpsiyasının pozuntusu idi: “Həm də bu məktubdan belə çıxırdı ki, bizim danışıqlarımızdan xəbərdar olan Zakir Qaralov nəinki Nəsirovu qəbul etməyə, hətta ona öz adından cavab yazmağa da qorxur. 

O vaxt MTN-də istintaq təcridxanasında vəkillə müvəkkilinin bütün danışıqları yazılırdı və baş prokuror bu danışıqların məzmunundan xəbərdar idi. Bu məktubu aldıqdan sonra Nəsirov bir neçə dəfə rəsmi ərizə ilə ölkə rəhbərliyinə və baş prokurora müraciət etməyə cəhd etdi. Lakin istintaq təcridxanasında onun ərizələrini qəbul etməkdən imtina edildi.

Nəhayət 15 noyabr 2005-ci ildə Zakir Nəsirova yeni ittihamların elan edilməsi ilə əlaqədar müstəntiq onu təqsirləndirilən şəxs qismində dindirdi. Nəsirov istintaqın qərəzli və qeyri-obyektiv aparılmasına görə ifadə verməkdən imtina etdi və fürsətdən istifadə edərək dindirmə zamanı iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurora etiraz etdi. 

Müstəntiq mənim tələbimlə etirazı protokola yazmağa məcbur oldu. Qanunun tələbinə əsasən işi aparan müstəntiq həmin etirazı baş prokurora təqdim etməli idi və sonuncu istər-istəməz cavab verməyə məcbur idi. 

Etirazda Baş Prokurorun özünün bu işdə ən azı şahid kimi ifadə verməli olduğu göstərilirdi. Belə olan halda isə CPM-nin 109 və 112-ci maddələrinə əsasən baş prokuror istintaqa prosessual rəhbərliyi həyata keçirə bilməzdi . 

Etiraz Baş prokurora təqdim edildikdən sonra nə qədər qəribə də olsa, Qaralov özü ona qarşı olan etirazın rədd edilməsi barədə qərar verdi. Mən həmin qərardan məhkəməyə şikayət etməyi təklif etsəm də Zakir Nəsirov razılaşmadı. Dedi ki, sən Azərbaycanda hansısa hakimin baş prokurorun qərarını ləğv edəcəyinə inanırsan? Prosesin sonrakı mərhələləri onun haqlı olduğunu göstərdi”.