Mağazasının önündəki gül kollarının yerinin dəyişdirilməsi üçün nazirlik əməkdaşına 2 min manat verdi, amma... - OĞUZ SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT / Fotolar

Baxış sayı:
1513

Oğuz rayonun Dəymədağlı kənd sakini Kərimov İlqar Baba oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə,Birinic vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
"Mən, Oğuz rayonunun Sincan kəndinin girəcəyində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 94-cü km-də, sağ tərəfdəki mühafizə zolağından kənarda Gülay Osmanovla birlikdə 2014-cü ildən ərzaq marketi inşa etmişik. Lakin bizim marketə giriş-çıxışı əngəlləmək üçün qonşu marketin sahibi tərəfindən gecə ikən qanunsuz olaraq dekorativ gül kolları əkilmişdir. Və bu günə kimi də bizi ölümlə hədləyir ki, kim əkdiyi kolları çıxarsa, öldürərəm.
Biz də məslənin qanuni həll olunmsı üçün 2016-cı ildən "Azəravtoyola” müraciət etdik. Cavab verdilər ki, yaşıllığın köçürülməsi bizim səlahiyyətizidə deyildir. Yerli Sincan Bələdiyyəsi də rəsmən razılıq veribdir ki, kolların məktəb ərazisinə köçürülməsi vacibdir. Oğuz rayon İH-nin Baş memarından da 2014-cü ildən razılıq almışdıq ki, bu ərazidə sahibkar kimi obyekt tikib istifadə edə bilərik.
Biz Ekologiya Nazirliyinin aidiyyatı üzrə əvvlki 11 saylı ( hazırda 6 saylı) Təbii Sərvətlər İdarəsinin rəisi olmuş və hazırda həmin idarədə şöbə rəisi olan Əlirza Əliyevə müraciət etdik. O da şəxsən gəlib əraziyə baxış keçirdi və gül kollarının köçürülməsi üçün rəy alınmasını və bununla yolun açılmasını bildirmişdir. O, texniki məslələrin həlli üçün 2 min manat pul lazım olduğunu bildirmişdir. Mən də 2016-cı il mayın 5-də İdarədə Ə.Əliyevin köməkçisi olan inspektor Cığıyev Nərimana 2 min manat pulu verdim. O gündən indiyədək 4 ildir ki, Əlirzanın qapısına ayaq döyürəm, hər dəfə də düzələr, həll edərik və s. süründürməçi sözlər işlədib məni yola salır. Ona görə də mən 30.07.2019-cu ildə Ekologiya və Təbii Sərvətlər naziri muxtar Babayevin qəbulunda oldum. O da indiki müdir Ziya Cəbrayılova məslənin həlli üçün göstəriş verdi. Amma 10 aydır ki, heç bir hərəkət yoxdur. Budur, 4 aydır ki, hər şeydən bezib, marketi açmışıq. Alıcıların marketə daxil olmasında çətinlik var. Amma baxan yoxdur. Oğuz rayon İcra başçısına, baş memara, Ekologiya İdarəsinə, nazirə müraciətlər etsək də faydası olmayıb.
Biz də məcbur olub bir sahibkar kimi, indiki pandemiya dövründə dövlətimizin başçısına və yuxarı orqanlara müraciət edirik. Nəticəsi olmasa, ailəmlə birlikdə aclıq aksiyasına başlayacağam ki, qoy süründürməçi və məsuliyyətsiz məmurlar utansınlar.
Cənab Prezident!  
Çox xahiş edirəm ki, ETSN naziri və onun 6 saylı İdarəsinin rəhbərliyinin məni saldıqları süründürməçiliyə son qoymasını, 4 il əvvəl aldıqları 2000 manat pulumun dərhal geri qaytarmaları və qanunsuz, plansız və şəxsiqərəzliklə marketimizin qarşısında əkilmiş kolların məktəb həyətinə köçürülməsinin təmin edilməsi barədə aidiyyatı üzrə göstəriş verəsiniz.
Onu da qeyd edim ki, 29 aprel 2020-ci il tarixli müraciətimdən sonra, mayın 2-də, axşam saat 19 radələrində özünü ETSN 6  saylı idarə rəisinin müavini kimi təqdim edən şəxs mənə zəng edib görüşdü və qəzəbli formada tələb etdi ki, "get şikayətini geri götür, de ki, hirsli olmuşam, qanmamışam". Razılaşmadım. O zaman o da Əlirza Əliyevin mobil telefonuna yanımda zəng edərək soruşdu ki, sən İlqar Kərimovdan gül kollarının yerinin dəyişdirlməsi üçün 2016-da 2000 manat pul almısanmı? Əlirza təsdiq etdi ki, bəli almışam. Rəis müavini telefonu söndürdü və acıqla mənə bildirdi ki, get nə istəyirsən, hara istəyirsən şikayət et, baxarıq, heçnə sübut edə bilməyəcəksən. Və maşına oturub aradan çıxdılar. Bu da şikayətimlə bağlı ETSN yerli 6 saylı idarə rəisi səviyyəsində olan tapşırığın "icrası"". 

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.