Mağazası yananlara nə güzəştlər olacaq? - "Şirkət icarədarlara pul vəsaiti ödəməyəcək"

Baxış sayı:
2071

Dekabrın 10-da «EuroHome» tikinti materialları bazarında baş vermiş yanğınla bağlı ziyan çəkmiş icarədarlara kömək göstərilməsi nəzərdə tutulur.

«Turan» agentliyinin xəbərinə görə, bunu həmin şirkətdən bildiriblər.

Şirkətdən verilən məlumata görə, mərkəzdə A və B sıraları olmaqla 100-dən bir qədər çox mağaza yanıb: «Həmin mağazalar şirkət tərəfindən təmir-bərpa olunacaq».

Qurumdan habelə qeyd ediblər ki, həmin təmir-bərpa işləri başa çatana qədər isə icarədarlar digər mağazalarda yerləşdiriləcəklər və onlar ziyandan çıxana qədər icarə haqlarından azad ediləcəklər: «Təmir bərpa işləri başa çatandan sonra yenə də icarədarlar olaraq öz mağazalarında çalışacaqlar».

Amma şirkətdən vurğulandığına görə, qurum icarədarlara nağd pul vəsaiti ödəməyi nəzərdə tutmur: «Belə ki, şirkətin öz ödəmələri də az deyil. Odur ki, qurum öz imkanı daxilində olan hər hansı yardımı ziyan çəkən icarədarlardan əsirgəməyəcək».

Şirkətdən qeyd edildiyinə görə, məsələnin belə hal almasında icarədarlar da məsuliyyət daşıyır: «3 ay öncə «Paşa Sığorta» ASC şirkətindən sığortaçılar gəldilər. Onları icarədarların yanına apardıq, mahiyyəti izah etdik, sığorta etmələrinin vacibliyini bildirdik. Amma əmlaklarını, mallarını sığorta etdirmədilər. İndi kimi deyir 30 min, kimi deyir 80 min, kimi deyir 100 min manat ziyana düşüblər. Bu qədər mala-mülkə sahib olan şəxslər sığortadan imtina etdilər».

Bu açıqlamaya, hələlik, icarədarlardan münasibət almaq mümkün olmayıb.

«Report» agentliyinin məlumatına görə isə, dekabrın 13-də Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev «EuroHome» ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş bəzi sahibkarlarla yenidən görüşüb.

Verilən məlumata görə, onlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib. Xəbərdə qeyd edildiyinə görə, bildirilib ki, hazırda dəymiş ziyan müəyyən edilir və ödəniləcək kompensasiya şərtləri müzakirə olunur.