​Mafioz Həsənov tərəfdaşlarına 14 MİLYON DOLLAR “ATIB”

Baxış sayı:
3643

Təxminən iki həftə əvvəl Moskvada təzədən həbs edilən azərbaycanlı biznesmen-mafioz, “AzFruit” şirkətinin sahibi,  “Pokrovka Məhərrəm” kimi tanınan Məhərrəm Həsənov 13 milyon 756 min dollardan çox vəsaiti dələduzluqla mənimsəməkdə ittiham olunur. Virtualaz.org xəbər verir ki, bu fakt Məhərrəm Həsənova qarşı Rusiya hüquq-mühafizə orqanlarının qaldırdığı cinayət işində yer alır.
2016-cı ildə İstanbulda güllələnən məşhur kriminal avtoritet “Rövşən Lənkəranski”nin adamı olan “Pokrovka Məhərrəm” martın 30-da Moskva Daxili İşlər İdarəsinin Baş cinayət axtarış idarəsinin əməliyyatçıları tərəfindən SOBR xüsusi təyinatlılarının iştirakı ilə saxlanılıb. Lakin bir sutka sonra həbs edilib. Onun ev dustaqlığına buraxılması üçün Moskvadakı “Food City” topdansatış bazasının sahibi, Kremlə bağlı milyarder Qod Nisanovun xahiş etdiyi bildirilir. Lakin həmin gün Həsənov həbsdən buraxılmasını restoranda ziyafət təşkil etməklə qeyd edib. Bir həftə sonra həmin ziyafətdən yayılan görüntülər əsasında Həsənovu yenidən həbs ediblər.
Həsənova qarşı irəli sürülən ittihama əsasən o, hələ “Pokrovka” topdansatış meyvə-tərəvəz bazasının fəaliyyətdə olduğu vaxtda bir neçə biznes tərəfdaşına milyonlarla dollar “atıb”. Onun barəsində 9 nəfərdən şikayət daxil olub. İstintaqın versiyasına görə M.Həsənov mütəşəkkil cinayətkar qruplaşma formalaşdıraraq sanskiyalar altına düşən ərzaq məhsullarının Avropa ölkələrindən idxalını təşkil edib, habelə ticarətçilərdən haqq yığıb.
“Sputnik Azərbaycan” bildirir ki, M.Həsənovun borclu olduğu türkiyəli təchizatçılar Çeçenistan prezidenti Ramazan Kadırovla əlaqə yaradıblar və ona şikayət ediblər. Bundan sonra Rusiya hüquq-mühafizə orqanları “Pokrovka Məhərrəm”in maxinasiyalarını araşdırıb və onu həbs edib. İndi o borclarını qaytarmaq üçün bütün biznesini satmalı olacaq.