Maaş və pensiyaların artımı bazara təsirsiz ötüşməyəcək -VİDEO

Baxış sayı:
3934

"Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalının bolluğunu təmin etmək yolu ilə hər bir vətəndaşın kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsinə töhfəsini verir. Yəni, qiymətlərin aşağı salınmasının ən vacib istiqamətlərindən biri bundan ibarətdir”.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi, Əli Əhmədov deyib.

O bildirib ki, digər istiqamət isə hökumətin iştirakı ilə kənd təsərrüfatı məhsullarının vətəndaşlara çatdırılması imkanlarının genişlənməsi olmalıdır: "Bunun üzərində düşünülür. Digər mühüm cəhət isə ondan ibarətdir ki, əhalinin müxtəlif kateqoriyalarının imkanlarına uyğun şəkildə onlara xidmətlərin göstərilməsi də bütövlükdə müasir bazar iqtisadiyyatının ən vacib istiqamətlərindən biridir. Bunsuz bazar iqtisadiyyatını təsəvvür etmək mümkün deyil”.

Baş nazirin müavini deyib ki, bu gün Azərbaycanda göstərilən xidmətlərin səviyyəsinə uyğun şəkildə yüksək qiymətə satılan kənd təsərrüfatı məhsulları var: "Orta səviyyədə qiymətlərin də olduğu müşahidə olunur. Eyni zamanda daha ucuz qiymətə kənd təsərrüfatı məhsullarının satışı üçün yarmarkalar təşkil edilib. Beləliklə də, hər bir Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının ödənilməsi üçün imkanların rəngarəngliyi təmin edilib”.

Ə. Əhmədov qeyd edib ki, bəzi hallarda süni şəkildə kimlərinsə müxtəlif yollardan və vasitələrdən istifadə edərək kənd təsərrüfatı məhsullarının qiymətini artırmaq səyləri də var: "Müəyyən halda bunlar qiymətlərin artmasına təsir göstərir. Dövlət tərəfindən minimum əmək haqqlarının, pensiyaların ciddi şəkildə artırılması ilə əlaqədar qəbul olunan qərarın da bazara təsirini qəbul etmək lazımdır. Bunsuz mümkün deyil. Digər tərəfdən isə dövlət sektorunda çalışan insanların maaşları artırsa, onda bazarda çalışan insanlar xidmətlər göstərməklə öz həyatlarını təmin edirlər. Onların həyatında da artım hiss olunsun deyə təbii olaraq xidmətlərin qiymətlərində müəyyən bir yüksəlmə hiss olunacaq. Amma bunların hamısı ədalət prinsipi əsasında həyata keçirilməlidir. Hökumətin həyata keçirmək istədiyi işlər bu prinsiplər əsasındadır”.

Əli Əhmədov uşaqpulunun bərpası məsələsinə də münasibət bildirib.

O deyib ki, dövlətin ən mühüm vəzifəsindən biri də aztəminatlı ailələrə sosial yardımların göstərilməsindən ibarətdir.

Onun sözlərinə görə, bu məsələyə ciddi yanaşılmalıdır, hökumət də məhz belə mövqe sərgiləyir.

Ə. Əhmədov bildirib ki, aztəminatlı ailələrə yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir, bura ünvanlı sosial yardımın, müxtəlif müavinətlərin verilməsi aiddir: "Uşaqpulları da bunlardan biri kimi tətbiq edilə bilər. Amma mənim şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi şəkildə, eyni zamanda ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, daha düzgün olar. Azərbaycanda kifayət qədər yüksək həyat səviyyəsini təmin etmiş ailə var. Mən düşünmürəm ki, bu ailələr uşaqpuluna ehtiyac duyur. Hökumət aztəminatlı ailələrə istənilən formada yardımların göstərilməsini öz qarşısına qoyduğu məqsəd hesab edir. Amma hesab edirəm ki, ən düzgün yol ondan ibarət olar ki, hökumətin apardığı siyasət sayəsində hər bir ailə öz ehtiyacını özünün əldə etdiyi imkanlar hesabına təmin edə bilsin. Yəni çalışmaq lazımdır ki, daha çox bu yolla gedək. Çalışmaq lazımdır ki, ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq”.

Baş nazirin müavini qeyd edib ki, hər bir vətəndaş, hər bir ailə özünü təmin etməklə yanaşı, eyni zamanda ölkənin iqtisadi potensialının yüksəldilməsinə xidmət göstərməlidir: "Əks halda, biz bütün ailələrə yardım verməklə onları saxlamağa alışdırmış olsaq, onlar iqtisadiyyatın inkişafı, istehsalat, hər hansı yenilik barədə düşünməyə o qədər də həvəsli olmayacaq. Bütün inkişaf etmiş ölkələr bu yolla gedib. İnsanları daha çox əməyə alışdırmaqla, işlə təmin etməklə, səmərəli şəkildə onların çalışması üçün əsaslar yaratmaqla bu yolla gediblər”.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir: