Maaş və pensiyalar artırsa, qiymətlər də artmalıdır – Baş Nazirin müavinindən açıqlama

Baxış sayı:
436

“Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalının bolluğunu təmin etmək yolu ilə hər bir vətəndaşın kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsinə töhfəsini verir. Yəni, qiymətlərin aşağı salınmasının ən vacib istiqamətlərindən biri bundan ibarətdir”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini-icra katibi, Əli Əhmədov deyib.

O bildirib ki, digər istiqamət isə hökumətin iştirakı ilə kənd təsərrüfatı məhsullarının vətəndaşlara çatdırılması imkanlarının genişlənməsi olmalıdır: “Bunun üzərində düşünülür. Digər mühüm cəhət isə ondan ibarətdir ki, əhalinin müxtəlif kateqoriyalarının imkanlarına uyğun şəkildə onlara xidmətlərin göstərilməsi də bütövlükdə müasir bazar iqtisadiyyatının ən vacib istiqamətlərindən biridir. Bunsuz bazar iqtisadiyyatını təsəvvür etmək mümkün deyil”.

Baş Nazirin müavini deyib ki, bu gün Azərbaycanda göstərilən xidmətlərin səviyyəsinə uyğun şəkildə yüksək qiymətə satılan kənd təsərrüfatı məhsulları var: “Orta səviyyədə qiymətlərin də olduğu müşahidə olunur. Eyni zamanda daha ucuz qiymətə kənd təsərrüfatı məhsullarının satışı üçün yarmarkalar təşkil edilib. Beləliklə də, hər bir Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının ödənilməsi üçün imkanların rəngarəngliyi təmin edilib”.

Ə. Əhmədov qeyd edib ki, bəzi hallarda süni şəkildə kimlərinsə müxtəlif yollardan və vasitələrdən istifadə edərək kənd təsərrüfatı məhsullarının qiymətini artırmaq səyləri də var: “Müəyyən halda bunlar qiymətlərin artmasına təsir göstərir. Dövlət tərəfindən minimum əmək haqqlarının, pensiyaların ciddi şəkildə artırılması ilə əlaqədar qəbul olunan qərarın da bazara təsirini qəbul etmək lazımdır. Bunsuz mümkün deyil. Digər tərəfdən isə dövlət sektorunda çalışan insanların maaşları artırsa, onda bazarda çalışan insanlar xidmətlər göstərməklə öz həyatlarını təmin edirlər. Onların həyatında da artım hiss olunsun deyə təbii olaraq xidmətlərin qiymətlərində müəyyən bir yüksəlmə hiss olunacaq. Amma bunların hamısı ədalət prinsipi əsasında həyata keçirilməlidir. Hökumətin həyata keçirmək istədiyi işlər bu prinsiplər əsasındadır”.