Lütfulla Rzayev gəlininin qarşısında qurban kəsdi, barəsində cinayət işi açıldı və...

Baxış sayı:
7900

Rusiyanın Sankt-Peterburq şəhərində oğluna toy edən azərbaycanlı Lütfulla Rzayev gəlinin ayağının altında qoyun qurban kəsdiyinə görə saxlanılaraq deportasiya elan edilib.

Virtualaz.org Rusiya KİV-nə istinadən xəbər verir ki, azərbaycanlı barəsində Cinayət Məcəlləsinin 213-cü – “xuliqanlıq” maddəsilə cinayət işi açılıb, 3 il müddətində Rusiyada yaşamaq hüququndan məhrum edilib.

Hadisə noyabrın 15-də, Puşkin rayonunun Şuşarı qəsəbəsində baş verib. İttihama əsasən, L. Rzayev “xuliqanlıq” niyyəti ilə, “xüsusi qəddarlıqla” yaşadığı çoxmərtəbəli binanın həyətində, gəlinin qarşısında heyvanın başını kəsib, sonra isə onu nəqliyyat vasitəsinə yükləyərək yoxa çıxıb.

Qanlı hadisəni vəhşilik hesab edən qonşular bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Şübhəli ictimai qınağa səbəb olan bu hadisədən dörd gün sonra saxlanılıb. Məlum olub ki, o, gəlinin ayağı altında kəsdiyi qurbanı imkansız ailələrə paylamaq üçün gedibmiş. Polis toy mərasiminin digər iştirakçılarını da tapıb. L. Rzayev Rusiyada yaşamaq hüququndan məhrum edilib. Sankt-Peterburq Miqrasiya İdarəsi onun barəsində 19 noyabr 2019-cu il tarixindən 1922-ci il noyabrın 19-dək ölkəyə girişi qadağan edən qərar çıxarıb.

Qeyd edək ki, rusların heyrətinə , Lütfullanın barəsində cinayət işinin qaldırılmasına və onun Rusiyadan qovulmasına səbəb olan bu hadisə Azərbaycanda qədim toy adətlərindən sayılır. Belə ki, adətə görə təzə  gəlinin ayağının altında bəyin atası  qurban kəsərək qanından gəlinin və bəyin alnına sürtür. Paytaxtda yaşayan əhali bu ənənəni unutsa da, şəhərin ucqalarında və əksər rayonlarda hələ də qalır.

Lakin Bakıda və ətraf qəsəbələrdə başqa “milli adət-ənənə”-nəinki yaşayışş binalarının həyətində, eləcə də orta məktəblərin, uşaq bağçalarının həndəvərlərindəki kustar qəssabxanalarda, elə küçənin ortasındaca iri və xırdabuynuzlu heyvanların kəsilməsi, dərisinin soyulması və qanının yolun ortasına axıdılması halları davam etməkdədir. Bu qəddarlıq və antisanitariya çoxdan adiləşib, Rusiyada isə göründüyü kimi azərbaycanlı ata “heç nəyə görə”-gəlininin ayağının altında qurban kəsdiyinə görə vəhşi, xuliqan, cinayətkar adı alıb...