Lütfəli Abdullayev papağını oğurlayanı evinə gətirib...

Baxış sayı:
6589

Bu gün ad günü olan xalq artisti Lütfəli Abdullayevlə bağlı tanınmış jurnalist Famil Cəfərli maraqlı xatirə paylaşıb.
Muxalifet.az xəbər verir ki, F.Cəfərli bu əhvalatı ona müqtədir sənətkarın nəvəsi Mina xanımın danışdığını bildirib. Mina xanım deyir ki, bu olay mətbuatda demək olar, işıqlandırılmayıb.
Əhvalat isə belədir:
Lütfəli Abdullayev bir gün axşam toydan evə gəlirmiş. Payız, axşam saat 10-filan... Böyük sənətkar yaşadığı binanın blokuna girmək istəyəndə haradansa çıxan bir adam əl atıb onun bahalı papağını başından götürür və qaçmağa başlayır. Demə, Lütfəli müəllimin xanımı və qızı da bu dəm balkona çıxıbmışlar ki, görsünlər, kişi harada qaldı. Bu səhnəni balkondan görürlər. Həm onların, həm də Lütfəli müəllimin özünün eyni vaxtda səslənən “adə, dayan”ı papağı götürüb qaçan adamı necə çaşdırırsa, oğru qeyri-iradi olaraq dayanır və dönüb geri baxır. Lütfəli müəllimi görən kimi azman sənətkarı tanıyır və yerində mıxlanıb qalır. Sonra yavaş-yavaş Lütfəli müəllimə yaxınlaşıb papağı qaytarır. Cavan bir oğlan imiş. Bu böyük insan da utandığından başını aşağı salmış gəncin qoluna girib onu evə aparır. Xanımının “oğrudur, quldurdur, sənsə...” məzmunlu etirazlarına baxmayaraq, süfrə açdırır, adamı yedirib-içirir, cibinə xərclik qoyub yola salır...
Üstündən illər keçir, hadisə evdə unudulur. Bir müddət sonra Lütfəli müəllim vəfat edir. Həyətdə yas mağarı qurulur. Bir də görürlər, gənc bir kişi əldə-ayaqdadır, çay paylayır, stol-stul daşıyır, canı-dildən işləyir. Qohumlardan, yaxınlardan heç kim onu tanımır. Çağırıb, “bala, sən kimsən, kimlərdənsən” deyə soruşurlar. Məlum olur ki, papağı götürüb qaçan oğlandır. Demə, Lütfəli müəllim sonradan həmin gəncə hey əl tutub, onu haradasa yaxşı maaşlı işə düzəldib, ailəsini dolandırmaqda kömək və himayədarlıq edibmiş, o da yaxşılığı itirməyib...