LUKAŞENKONUN DÜNYA MÜHARİBƏSİ HƏDƏSİ – “Qalib olmayacaq, əgər olacaqsa da, bu, siz olmayacaqsınız”

Baxış sayı:
6373

Belarusa qarşı Qərb dövlətlərinin tətbiq etdiyi sanksiyalar bu ölkədə seçkilərin şəffaf keçirilməməsi və Prezident Aleksandr Lukaşenkonun müxalifəti əzməsi ilə izah edilsə də, əslində bunun arxasında geosiyasi planların durduğu yaxşı məlumdur.

Uzun illər ərzində Lukaşenko üçün hakimiyyətin idarə edilməsi indiki ilə müqayisədə xeyli rahat olub və o, opponentləri ilə istədiyi kimi rəftar edib. Belarus Prezidenti praqmatikdir və o, Rusiyanın dövriyyəyə qoşulmasını vəziyyətdən çıxış yolu hesab edir. Çünki Lukaşenkonun hakimiyyətdən uzaqlaşdırılması Belarusun Qərbin təsir sferasına düşməsi ilə nəticələnəcək. Kreml isə bununla qətiyyən barışmaz. Ona görə də Lukaşenko keçirdiyi mətbuat konfransında Qərb dövlətlərinə qarşı kəskin ifadələr işlətməklə demək istəyir ki, söykənə biləcəyi böyük qüvvə var.

Sözügedən mətbuat konfransı ilə bağlı Polşanın “Interia” saytının “Aleksandr Lukaşenko: Bu sanksiyalar sizin boğazınızda qalsın” başlıqlı məqaləsində deyilir: ”Belarus Prezidenti Aleksandr Lukaşenko Böyük Britaniya hakimiyyətinin Belarusa qarşı tətbiq etdiyi məhdudiyyətləri şərh edərkən deyib: ”Bu gün iqtisadi sanksiyaları kim tətbiq edir - Böyük Britaniya? Bu sanksiyalar sizin boğazınızda qalsın. Biz Böyük Britaniyanı min il tanımamışıq və tanımaq da istəmirik. Siz amerikalıların quyruq bulayanısınız. Yaşayıb görərik, ağlınız başınıza gəlməsə, bu, nəyə gətirib çıxaracaq...”

Eyni zamanda Lukaşenko emosiyalara qapılmamağa və yaranmış vəziyyətdən çıxmağa çağırıb. O, münaqişə riski barədə xəbərdarlıq edib: “Siz Üçüncü Dünya müharibəsini başladacaqsınız. Nədir, siz rusiyalılarla bizi buna itələyirsiniz? Siz istəyirsiniz ki, bu müharibədə qalib gələsiniz? Qalib olmayacaq, əgər olacaqsa da, bu, siz olmayacaqsınız. Ona görə də sakitləşin. Və gəlin, hələ ki, biz hər şeyə dözümlə yanaşırıq, masa arxasında əyləşib, bu vəziyyətdən necə çıxmaq barədə danışaq”.

Böyük Britaniya Lukaşenko rejiminə qarşı yeni sanksiyalar zərfi tətbiq edib. Buraya Belarus neft məhsulları və kalium kübrəsinə qoyulmuş qadağalar da daxildir ki, bu da birbaşa Minsk hakimiyyətinin gəlirlərinin azaldılmasına yönəlib. ABŞ Prezidenti Co Bayden elə həmin gün Lukaşenkoya yaxınlığı ilə tanınan oliqarxlar da daxil olmaqla, 27 nəfərə və 17 şirkətə qarşı sanksiyalar tətbiq edib. Onların içərisində Belarusun iki mühüm dövlət müəssisəsi və Milli Olimpiya Komitəsi də var. Kanada da bu sanksiylara qoşulub.

Minsk hakimiyyəti öz demokratikliyini nümayiş etdirməkdən ötrü xarici jurnalistləri də mətbuat konfransına dəvət etmişdi. Lukaşenkoya Belarus həbsxanalarındakı qanunsuzluqlar və işgəncələr barədə suallar verildi. Lukaşenko milis tərəfindən zorakılıq və işğəncələrə yol verilməsi barədə danışanların ortaya fakt qoymalarını tələb edib və söyləyib ki, bunlar sadəcə “feyk”məlumatlardır. O, Qərb mətbuat nümayəndələrini bir neçə dəfə “təbliğatçı” adlandırıb.

Belarusun rəsmi KİV nümayəndələri isə qərbli jurnalistələrə xitabən deyiblər ki, etiraz aksiyalarında iştirak edən adamlar qəsdən həbs olunmağa çalışıblar ki, sonradan Litva vizası alsınlar. Və həmçinin o da deyilir ki, bu etirazçılar Qərbə getmək üçün milisin guya onlara bədən xəsarəti yetirməsi haqqında müxaliflərdən pulla sənədlər alıblar.

Belarus jurnalistləri və hökumətyönlü bloqerlər qərbli həmkarlarının sözünü kəsərək deyiblər ki, Belarus əhalisi Lukaşenkonu dəstəkləyir. Bloqer Yuliya Xomiç isə Lukaşenkonu növbəti prezident seçkilərində iştirak etməyə çağırıb.

Minskdə keçirilən mətbuat konfransı keçən ilki prezident seçkilərinin ildönümünə həsr edilmişdi. Bu seçkilərin rəsmi nəticələrini Qərb ictimaiyyəti və Belarus cəmiyyətinin bir hissəsi şübhə ilə qarşılayıb. Lukaşenko ilə görüşü “Böyük söhbət” adlandırıblar və bu söhbət səkkiz saatdan artıq çəkib.”/azpolitika