Lukaşenko rusiyalı muzdlulara görə Moskvadan izahat tələb etdi - MİNSKƏ QOŞUN YIĞILIR

Baxış sayı:
1883

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan “Vaqner” özəl hərbi şirkətinin bir qrup muzdlusunun Minsk ətrafında yaxalanması ilə bağlı izahat tələb edib. O, situasiyanı “fövqəladə hadisə” adlandırıb. Lukaşenko KQB sədri Valeri Vakulçikdən tələb edib ki, dərhal Rusiyanın müvafiq orqanlarına müraciət edib nə baş verdiyini aydınlaşdırsın.

“Əgər günahkardırlarsa o zaman bu situasiyadan ləyaqətlə çıxmaq lazımdır. Günahkar deyillərsə yaxşı, o zaman bizim dost ölkəni biabır etmək kimi bir hədəfimiz yoxdur”,-Belarus prezidenti bildirib.

Lukaşenko əlavə edib ki, artıq rusiyalıların “öz çirkin niyyətlərini hansısa formada əsaslandırmağa” yönəlmiş şərhlərini görüb. Habelə o, Rusiya tərəfini situasiyanı təhrif etməyə görə qınayıb və bildirib ki, muzdluları guya Belarusun özünün cəlb etdiyi haqda rəy yaratmağa çalışırlar.

Bu arada sosial şəbəkələrdə yayılan məlumatlara əsasən Minskə hərbi texnika və əsgərlər cəlb edilir. Bildirilir ki, Vitebsk vilayətində dislokasiya olunmuş daxili qoşun hissəsinin əsgərləri paytaxta cəmləşdirilir.

Belarusda avqustun 9-da prezident seçkiləri olacaq və Lukaşenko Rusiyaya eyhamla xarici qüvvənin onu hakimiyyətdən uzaqlaşdırmaq planları haqda danışır.