Lujkov milyarder arvadı ilə Ermənistandan keçib Gürcüstanı gəzdi - QALMAQAL

Gürcüstanda keçmiş Moskva meri Yuri Lujkovun ölkəyə gəlişi ilə bağlı qalmaqal yaranıb.
 
Müxalifət.az Virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya ilə Gürcüstan arasında avqust müharibəsindən 10 ilə yaxın vaxt keçdiyi və iki ölkə arasında faktiki müharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda separatçı Abxaziya və Cənubi Osetiyanı dəstəkləyən Lujkovun ölkədə peyda olması qəzəblə qarşılanıb. Çünki Lujkov Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyinin” tanınmasına çağıranlardan biridir və onu, hələ mer olduğu vaxtlarda Gürcüstanda persona non-qrata elan etmək çağırışları səslənirdi.
Məlum olub ki, 80 yaşlı Lujkov arvadı, Rusiyanın ən varlı qadını hesab olunan milyarder Yelena Baturina ilə birlikdə dörd gün əvvəl Ermənistan üzərindən Gürcüstana daxil olub. Və indiyə qədər Vardziya, Mtsxeta bölgələrini gəzib, Kanda kəndində 13 assuriyalı keşişin monastırına baş çəkib. Jurnalistlər habelə Lujkovu Borjomi kurortunda görüblər.
Bəs Lujkov Gürcüstana necə daxil olub? Axı “İşğal edilmiş ərazilər haqqında” qanuna görə onun ölkə ərazisinə daxil olması mümkün deyildi? Lujkov belə cavab verib ki, həmin qanun haqda eşitməyib və sərhədi adi rejimdə keçib, onun pasportu heç bir sual doğurmayıb. “Sərhədçilər bizə heç bir sual vermədilər. Axı nə sual versinlər? Biz turist kimi gəlmişik”-Lujkov deyib.
Keçmiş mer deyib ki, o, Gürcüstanda olduğu günlər ərzində ölkənin Abxaziya və Cənubi Osetiyasız daha yaxşı inkişaf edə biləcəyinə əmin olub. “Mən hesab edirəm ki, Gürcüstan bu regionlardan azad olandan sonra özünü daha yaxşı hiss edir”-o deyib.
Gürcüstan daxili işlər nazirinin müavini Şalva Xutsişvili ictimaiyyətin Lujkovla bağlı narazılıqlarına cavab olaraq deyib ki, o, sərhədi leqal şəkildə keçib. “Lujkovun qanunu pozması barədə heç bir məlumat olmayıb, ona görə də sərhədçilər formal olaraq onu saxlamaq üçün heç bir əsas tapmayıblar. Bununla belə biz məsələni araşdıracağıq”-o bildirib.