​Əlövsət Əliyev Ukraynada saxlanıldı

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri, keçmiş polis rəisi, VHP sədri Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyevin bu günlərdə Ukraynada saxlanıldığı məlumatı yayıldı.
Xəbəri lent.az-a Ə.Əliyevin qardaşı, “Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu da təsdiqləyib.
Ş.Xuduoğlu bildirib ki, qardaşı beynəlxalq axtarışda olduğu üçün saxlanılıb: “Ukraynada bu işi araşdırdılar. Məhkəmə keçirildi. Və proses zamanı məlum oldu ki, saxlanılması üçün heç bir əsas yoxdur. Prosesə elə oradan vəkil Dmitri Morgun çıxmışdı. Və sonra da azad olundu. Həmin günlərdə mən də Əlövsət Əliyevin yanında idim”.
Ş.Xuduoğlunun sözlərinə görə, qardaşı hələ də Ukraynadadır. Və tezliklə Almaniyaya dönməyi planlaşdırır. Qeyd edək ki, Əlövsət Əliyev Almaniyada mühacirətdədir. Onu Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş arvadı Gülnarə Şəkinskayanın ölkədən qaçırılmasında günahlandırırdılar.