“Lotu Quli”yə qarşı açılan gizli savaşın aşkar hədəfləri

Baxış sayı:
9355

Kriminal qruplaşmaların bazar savaşına yerli hüquq-mühafizə orqanları da qoşulub...

Sverdlovsk əyalətində “Lotu Quli”nin adamları xüsusi biznes məkanlarına və bazarların böyük qisminə nəzarət edirlər, bu isə...

Rusiya bazarları uğrunda kriminalların savaşı açıq müstəviyə keçməkdədir. Hər zaman Rusiyanın ayrı-ayrı bölgələrində kriminal qruplaşmaların bazar savaşının arxasında yerli hüquq-mühafizə orqanlarının selueti görünsə də, son dövrlərə kimi “paqonlu” himayədarları kölgədə qalmağa üstünlük verərdilər. Artıq vəziyyət dəyişib. Yerli kriminal qruplaşmaların gizli dəstəkçiləri savaşın aşkar tərəfinə çevrilməkdədirlər. Bu səbəbdən də azərbaycanlı qanuni oğru “Lotu Quli” ləqəbli Nadir Səlifovun adamları rəsmi olaraq Rusiyada arzuolunmaz şəxs statusuna gətirilirlər. Onun özü barəsində isə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həbsli axtarış elan edilib.

2018-ci ildə Rusiya hüquq-mühafizə orqanları Nadir Səlifovu Kaluqa bölgəsində topdansatış həyata keçirən iş adamlarından xərac yığması ittihamı ilə axtarışa veriblər. Onunla bağlı Türkiyə hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıblar. Bundan sonra İstanbul polisi Nadir Səlifova qarşı əməliyyat keçirib. Səlifovun Rusiya mətbuatında yayılan bir xəbərdən sonra saxlanıldığı diqqəti çəkib. Rusiya mətbuatı “Türkiyədəki qanuni oğru Rusiyada xərac toplayır” başlıqlı yazı ilə dərc olunub.  İddiaya görə, Nadir Səlifov Rusiyada, daha dəqiqi, Kaluqa bölgəsində topdansatış həyata keçirən iş adamlarından xərac yığıb. Onun xərac toplamaq üçün internet vasitəsilə videobağlantı qurduğu bildirilirdi. Həmin vaxt ittihamlarla bağlı “Lotu Quli”nin Rusiyaya ekstradisiyasına cəhdlər olması xəbəri də vardı. Məqsəd aydın idi: “Lotu Quli”ni həbs edib uzun müddətə Rusiya həbsxanasına göndərmək, həbsdə olduğu müddətdə onunla ətrafının əlaqəsini kəsib bazarlara nəzarəti ələ keçirmək planlaşdırılırdı. Bu plan bu gün də qüvvədədir, “Lotu Quli”nin həbsi üçün bir-birinin ardınca atılan addımlar da bu planın gerçəkləşməsinə xidmət edir. 

Hazırda Rusiya hüquq-mühafizə orqanları güman edirlər ki, yaxın gələcəkdə Uralda kriminal qruplaşmalar arasında yeni müharibə olacaq. Bu səbəbdən  əyalətə yeni polis rəisi təyin edilib. Regionun hüquq-mühafizə orqanları açıq bildiriblər ki, onlar üçün ən böyük təhlükə Azərbaycandan olan kriminal qüvvələrdir. Uralda, konkret olaraq Sverdlovsk əyalətində “Lotu Quli”nin adamları xüsusi biznes məkanlarına və bazarların böyük qisminə nəzarət edirlər. 2016-cı ilin ortalarına qədər isə həmin ticarət məkanları “Rövşən Lənkəranski”nin adamlarının nəzarətində idi. Həmin ilin avqustunda “Rövşən Lənkəranski” Türkiyədə qətlə yetiriləndən sonra da onun adamları həmin bazarları nəzarətlərində saxlaya bilirdilər. 2017-ci ilin əvvəlinə qədər bu mümkün olsa da, sonradan vəziyyət dəyişdi. Həmin bazarlara qeyri-rəsmi nəzarət edən azərbaycanlılar “qanuni oğru” “Lotu Quli”yə biət etdilər. O dövrdə “Lotu Quli” Azərbaycanda 22 illik həbsinin son aylarını yaşayırdı, həbsdə olmasına baxmayaraq Uralda əvvəllər  “Rövşən Lənkəranski”yə  məxsus yeri tutmağı bacarmışdı.

Yevgeni Vışenkov ile ilgili görsel sonucu

“Fontanka.ru” nəşrinin əməkdaşı, Sankt-Peterburq Dövlət Daxili İşlər İdarəsinin cinayət-axtarış şöbəsinin keçmiş əməkdaşı Yevgeni Vışenkov “Rövşən Lənkləranski”nin qətlindən sonra “Lotu Quli”nin Rusiya bazarlarını öz əlinə alacağı ehtimalını qələmə almışdı. Həmin yazıda Vışenkov azərbaycanlıların tarixən ticarətlə əlaqəsi, şifahi razılaşma əsasında azərbaycanlı qrupların öz həmyerlilərinin biznesinə nəzarət etməsindən bəhs edirdi. “Ekonom-sinif sektorunda ictimai iaşə müəssisələrinin 50 faizindən çoxunun rəhbəri azərbaycanlılardır. Bütün Rusiya üzrə göyərti, meyvə-tərəvəz topdanşatış bazaları yayılıb. Bu, azərbaycanlıların nəzarətində olan böyük miqdarda pullardır” - Vışenkov bildirirdi.

Ä°lgili resim

Azərbaycanlı alverçilər onlara himayədarlıq edənlərlə sıx bağlıdırlar və problem ondadır ki, heç də həmişə azərbaycanlılar arasında baş verən cinayətlər barəsində məlumat Rusiya hüquq-mühafizə orqanlarına çatmır. Elə hallar olub ki, polislər Azərbaycan diasporunun nümayəndəsinin oğurlandığını eşidəndə girovun qohumlarına zəng edərək bunu dəqiqləşdirmək istəyiblər. Girovun yaxınları etiraf etməyərək deyiblər ki, heç nə baş verməyib. Onlar özləri problemlərini qapalı rejimdə həll edirlər. Vışenkov 2018-ci ilin mayında iddia edirdi ki,  “Lotu Quli” alverçilərin biznesinə himayədarlıq edərək xərac alsa da, hələlik göyərti və meyvə-tərəvəz bazarlarının tam nəzarətçisinədək yüksəlməyib.

Aslan Usoyan ile ilgili görsel sonucu

 Aslan Usoyan

Hazırda isə durum fərqlidir. “Lotu Quli” Rusiya bazarlarının əhəmiyyətli hissəsinə nəzarəti ələ ala bilib. Odur ki, ona qarşı digər kriminal qruplaşmaların birləşməsi də gözləniləndir. Rusiya  kriminallarının Ural uğrunda savaşı hər zaman olub. Bu təbii sərvətlərlə də zəngin və böyük bir ərazini əhatə edən bölgə uzun illər “Ded Xasan” ləqəbli “qanuni  oğru” Aslan Usoyanın qətlinədək onun nəzarətində idi. Aslan Usoyan öldürüləndən sonra onun qruplaşması zəifləmişdi və “Rövşən Lənkəranski” bu bölgədə möhkəmlənə bilmişdi. Baxmayaraq ki, “Rövşən Lənkəranski” qətlə yetirilməzdən bir müddət əvvəl OMON Sverdlovskda bir neçə əməliyyat  keçirmiş və “Rövşən Lənkəranski”nin adamlarını həbsə almışdı. “Ded Xasan”ın klanı da həmin bazarları rahatlıqla əldən vermək niyyətində deyildi. Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan “Şakro Molodoy” ləqəbli  Zaxari Kalaşov 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra “Ded Xasan” klanına rəhbərlik etməyə başladı və Urala nəzarət uğrunda mübarizəyə atıldı. “Rövşən Lənkəranski”nin qətlindən sonra da Kalaşovun səyləri nəticəsiz qaldı.

Ä°lgili resim

Rövşən Lənkəranski

Rövşən Lənkəranski”nin mövqeləri “Lotu Quli”nin nəzarətinə keçdi. Bir müddət əvvəl  Rusiya KİV-i Rusiya xüsusi xidmət orqanlarına istinadən  “Lotu Quli” və Gürcüstan doğumlu “Vaqif Bakinski” kimi tanınan Vaqif Süleymanovun güclərini birləşdirmələrindən yazırdılar. Bildirilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır. “Rövşən Lənkəranski”nin ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarları uğrunda mübarizənin  təkcə Moskvada deyil, digər bölgələrdə də başlayacağına da şübhə qalmırdı. Belə iddialar vardı ki, “Rövşən Lənkəranski”nin  bazarları uğrunda mübarizəyə gürcü və çeçen “qanuni oğru”lar da qoşulub. Bütün çətinliklərə baxmayaraq, “Lotu Quli” Rusiyada nüfuzunu qoruyub saxlaya bilir. Ona qarşı kriminal klanların savaşında yerli hüquq-mühafizə orqanlarının iştirakı da məhz buradan qaynaqlanır. Bazarları azərbaycanlı kriminal qruplaşmaların əlindən çıxarıb özlərinin lazım bildikləri kriminal qruplaşmaların nəzarətinə vermək istəyirlər. Görünən odur ki, Rusiya bazarlarına nəzarət uğrunda savaş getdikcə şiddətlənəcək./musavat.com