"Lotu Quli"nin düşməni Hacıqabullu Eminin DOSYESİ – O, "OĞRU"DUR, YOXSA YOX?

Baxış sayı:
2139

Azərbaycanlı "qanuni oğru"lar arasında hazırda ən nüfüzlusu olan Nadir Səlifova qarşı həmyerlilərinin təşkilatlanmaqda olduğu ilə bağlı məlumatlar yayılıb. 
Bakupost.az-ın məlumatına görə, "Lotu Quli”yə qarşı müxalif birləşməyə Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulinski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski) və hazırda uzunmüddətli həbs cəzası çəkənlər Əli Heydərov (Albert Gəncinski), Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) və Ülfət Tağıyev (Rufo Gəncinski) daxil olub.
Qeyd edilir ki, bu dəstəyə yunan oğruların ciddi dəstək verdiyi "Dato Ağcabədinski” başçılıq edir. 
Deyilənə görə, müxalifətçilərin maliyyə mənbəyi 2016-cı ildə İstanbulda güllələnən Rövşən Canıyevin (Rövşən Lənkəranski) yaxınlarıdır. Çünki onlar Lənkəranskinin qətlində Lotu Qulinin əlinin olduğuna inanırlar.
Bu dəstədə çıxış edənlərdən Emin Əhmədov və Zaur Şipilov bir müddət əvvəl azadlığa çıxıb. 
Zaur Şipilov tanınmış mərhum kriminal avtoritet "Culfalı Bayram”ın oğludur. 

"Emin Hacıqabulinski” kimdir? 

Emin Əhmədov 1981-ci ildə anadan olub. Onun da yolu digərləri kimi "oğru şəhəri" sayılan Moskvadan keçib. 2007-ci ildə "Emin Hacıqabulinski" Rusiyada pul daşıyan maşını apardığı üçün həbs edilib. Moskva məhkəməsi onu banditizmdə, quldurluqda və ölümə cəhddə günahlandıraraq 13 il müddətinə həbs edib.
O, 2013-cü ildə azərbaycanlı qanuni oğruların da iştirak etdiyi "sxodka"da qanuni oğru adını alıb. Onunla birgə digər azərbaycanlı "Rəşad Gəncinski" kimi tanınan Rəşad İsmayılov da "tac"lanıb.
Lakin "Emin Hacıqabulinski"nin azərbaycanlı mafia lideri, "Lotu Quli" ləqəbli qanuni oğru Nadir Səlifovla münasibətləri pisləşib. "Qanuni oğrular" arasında soyuq müharibə başlayıb. 2013-cü ildə Nadir Səlifov Eminin "oğru" adının dayandırılması haqqında qərar qəbul edib və bütün həbsxanalara bu "praqon" göndərilib.
2017-ci ilin fevral ayından "Emin Hacıqabulinski" həbsxanada olan zaman onun "qanuni oğru" adı rus və gürcü oğrular tərəfindən bərpa edilib. Yalnız 2017-ci ilin oktyabr ayında yenidən onun adının əlindən alınması ilə bağlı "sxodka" olub.
Hazırda kriminal aləmdə onun vəziyyəti mübahisəlidir. Bəzi qruplar Emini qanuni oğru kimi tanısa da, bəziləri onun bu addan məhrum edildiyini iddia edir.
Emin bir neçə ay əvvəl azadlığa çıxıb. Onun Rusiyaya ömürlük getməsi qadağan edilib. Azadlığa çıxan kriminal özünü "oğruların oğrusu” adlandırıb. Görünür ki, o da "Lotu Quli”yə qarşı yaradılmış cəbhədə ciddi işlər görəcək.