​“Lotu Quli”nin adamlarını tutdular - RUSİYADA

Rusiya polisi ölkə ərazisində oğurluq və qarətçilik ilə məşğul olan qrupun üç üzvünü saxlayıb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yelena Alekseyeva xəbər verib.
Alekseyeva tutulan şəxslərin hazırda Azərbaycanda cəza çəkən “qanuni oğru” “Lotu Quli”nin nəzarətində olan qrupun üzvləri olduğunu qeyd edib. İstintaq müəyyən edib ki, onlar bu ilin sentyabrında Moskvada avtomobil alıcısı kimi iş adamı ilə görüşərək, onu silahla hədələyib, “Ford” maşınını əlindən alıblar. Sonra iş adamını Podolska apararaq onun buraxılması müqabilində 6500 dollar tələb ediblər. Pulu aldıqdan sonra iş adamı buraxılıb.
Yelena Alekseyeva“Aparılan əməliyyat tədbirləri nəticəsində üç şübhəli şəxs saxlanılıb, onlardan ikisi Azərbaycan, biri isə Gürcüstanlıdır. Onların həbs olunması barədə məhkəməyə təqdimat yollanıb” - deyə Alekseyeva bildirib. Saxlanılan şəxslər Rusiyanın müxtəlif regionlarında avtosalonlarda silsilə yanğınlar törətməkdə də günahlandırılırlar. Təqsirləndirilən şəxslər avtosalon sahiblərinin onların haqq vermək tələbinə əməl etməmələrinə görə bu addımı atıb.
Bundan başqa, Alekseyeva qrupun iki üzvünün bu ilin mayında 10 milyon dollar haqq almaq məqsədilə bir nəfərin oğurlanmasında əli olduğu barədə informasiyanın yoxlanıldığını bildirib. Hazırda mütəşəkkil qrupun digər üzvlərinin və onların digər qanunsuz əməllərinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir(anspress).