​"Lotu Quli"nin adamını öldürənin işi - MƏHKƏMƏDƏ

Baxış sayı:
6277

Bakıda qətl törətməkdə təqsirləndirilən Zaur İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərlib. Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd edək ki, hadisə ötən ilin dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verib. Paytaxt sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə "Hyundai" markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş Tural Babayev ölüb, Asif Bağırov isə ağır yaralanıb. Hadisəni törətmiş Zaur İsmayılov könüllü olaraq Nizami rayon Polis İdarəsinə gəlib və cinayəti törədərkən istifadə etdiyi "AK" markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olduğunu bildirib. Zaur İsmayılov tutulub, silahı evdən götürülüb. Bu cinayət hadisəsi kriminal qruplaşmalar arasında baş verən çəkişmənin nəticəsidir. Zaur İsmayılov Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qruplaşmasının üzvü olduğu iddia edilir. Qətlə yetirilən Tural Babyev isə kriminal avtoritet Lotu Qulinin rəhbərlik etdiyi qruplaşmanın üzvüdür. Tural Babayevin Zaur İsmayılovu üzvü olduğu qruplaşmaya cəlb etmək istədiyi, ikincinin isə bundan imtina etdiyi, nəticədə onların arasında narazılıq yarandığı bildirilir. Bu narazılıqdan sonra Zaur İsmayılovun Tural Babayevi aradan götürmək üçün sözügedən cinayətə əl atdığı ehtimal olunur./teleqraf