Londonda Zamirənin gününə düşən daha kimlər var... - BƏZİ ADLAR AÇIQLANIB

Baxış sayı:
7029

Böyük Britaniyanın hakimiyyət və məhkəmə orqanları “İzahedilməz sərvətlər qanunu” (UWO) çərçivəsində keçmiş sovet respublikalarından olan zənginlərə qarşı ovu davam etdirir. Muxalifet.az xəbər verir ki, ilk dəfə Azərbaycanın Beynəlxalq Bankının keçmiş rəhbərinin arvadı Zamirə Hacıyevaya qarşı tətbiq edilən, 2018-ci ildə qüvvəyə minmiş bu qanun (onu şərti olaraq “Zamirə qanunu” da adlandırmaq olardı) daha bir neçə oliqarxın və onların ailə üzvlərinin aktivlərinin dondurulması ilə nəticələnib.

“İzvestiya” qəzetinin yazdığına görə, onlardan biri qazaxıstanlı biznesmen-oliqarx Mekset Aripdir. 2018-ci ilin əvvəllərində London Yüksək Məhkəməs onun əmlakına, o cümlədən Londondakı 17 milyon funt sterlinq dəyərindəki malikanəsinə həbs qoyub. Arip barəsində onun əvvəllər rəhbəri olduğu “Kazaxıstan Kaqazı” şirkəti şikayət verib. Ölkənin aparıcı kağız istehsalçısı olan bu şirkət keçmiş rəhbərini mənimsəmədə ittiham edir.

Lakin əmlakın həbsi həə başlanğıc idi. 2019-cu ilin əvvəllərində Britaniya məhkəməsi biznesmenin şəxsi əşyalarını, o cümlədən 300 min dollarlıq saat kolleksiyasını da müsadirə edib. Britaniyanı tərk edəndən sonra dəbdəbəli aksessuarlarını təhvil vermək istəməyən Arip bu dəfə məhkəmə qərarına hörmətsizlikdə günahlandırılıb və qiyabi olaraq iki il həbsə məhkum edilib.

Habelə məhkəmə onun həyat yoldaşı Şolpan Aripin bütün dünya üzrə aktivlərinin dondurulması haqda qətnamə çıxarıb. Biznesmenin arvadının adına olan 170 milyon dollarlıq aktiv, o cümlədən İsveçrə və Kipr banklarında hesablar, İsveçrədə və Dubayda daşınmaz əmlak aşkarlanıb. Bundan əlavə Londonda Arip ailəsinə məxsus olan və ümumi dəyəri 19 milyon funt sterlinq təşkil edən dörd mənzilə dair order çxarılmasına hazırlıq gedir

Yəhudi əsilli qazaxıstanlı milyarder Aleksandr Maşkeviçin qızı Anna da Londonda xoşaglməz vəziyyətlə qarşılaşıb. Britaniyanın xüsusilə ağır dələduzluq əməllərini araşdıran agentliyi SFO ona qarşı korrupsiya ittihamı irəli sürüb. Həmin maddə üzrə Annanı yarım il həbs və qeyri-məhdud məbləğd cərimə gözləyə bilər.

Bəzi məlumatlara görə Qazaxıstanın “Kazkommersbank” bankının əsasını qoyan Nurjan Sübhanberdinin də Londonda problemləri yaranıb. Dostları deyir ki, o nəinki Nyu-Yorkdakı mənzilini satmalı olub, eləcə də Britaniya hakimiyyəti ilə bir yığın problemləri yaranıb. Nəticədə Qazaxıstanın ən varlı 10 adamından biri olan Sübhanberdin çoxsaylı ailəsini (onun 10 uşağı var) Britaniyadan Fransaya köçürüb.

“Forbes”in siyahısından rusiyalı biznesmen Boris Mints də Londonda problemlərlə üzləşib. O, ölkəni ötən il tərk etmişdi, bu il isə çoxsaylı məhkəmə iddiaları ilə üzləşib. İyunun sonlarında “Otkrıtie” və qeyri-profilli aktivlər Bankı onun barəsində İngiltərə və Uels yüksək məhkəmələrində iddia qaldırıblar. Mints dələduzluqda ittiham edilir.

Bu iddialara tezliklə reaksiya verilib və iyulun 26-da məhkəmə Mintsin 600 milyon dollarlıq əmlakına həbs qoyub. Lakin həmin əmlakların çoxu ya başqa adamların adınadır, ya da banklarda girov qoyulub. Nəticədə onları müsadirə etmək asan olmayacaq. Bununla belə İngiltərə məhkəməsi daha hansısa tədbirlərə əl atıb, məsələn, bankirə həftədə ancaq 10 min funt sterlinq cib xərcliyi ayırıb. Mintsin vəkilləri isə şikayət veriblər ki, biznesmen-bankir bu məbləğə Londonda yaşaya bilməz. Müqayisə üçün qeyd edək ki, Böyük Britaniyada həftəlik orta əmək haqqı 750 funtdur./Virtualaz.org