​Lombardlar əhalini necə aldadır?

Rusiyada və Qazaxıstanda lombardların fəaliyyəti ilə bağlı ayrıca qanun qəbul edilib. Azərbaycanda isə lombardların fəaliyyətini tənzimləyən qanunvericilik aktı yoxdur.
Bu sözləri iqtisadçı ekspert Samir Əliyev ölkədə fəaliyyət göstərən lombardların vəziyyəti ilə bağlı movqe.az-a danışarkən deyib. Ekspert bildirib ki, bu gün ölkədə lombardlara tələbat artıb. Bu da banklarda kredit şərtlərinin ağırlaşması ilə bağldır:
 “Banklardan kredit götürmək uzun prosedurdur. Bu səbəbdən əhali adətən lombardlara üz tutur. Ölkədə lombardların fəaliyyətinin tənzimlənməsinə ehtiyac var. Bu gün lombardların fəaliyyəti ilə bağlı onlarla nöqsan saymaq olar ki, bura girovun qiymətləndirilməsinin düzgün aparılmaması, girovun zədələnməsi və sair göstərmək olar. Lombardların fəaliyyətini tənzimləyən qanunvericilik aktı olsaydı, vəziyyət belə olmazdı. Bu gün ölkədə istənilən şəxs MMC şəklində lombard açaraq fəaliyyət göstərə bilər”.
S.Əliyev bildirib ki, lombard fəaliyyəti ilə bağlı ayrıca qaydalar, standartlar olmalıdır:
“Lombardların girovu saxlanc yeri standartlarda öz əksini tapmalıdır. Bank fəaliyyətindən fərqli olaraq lombard fəaliyyəti üçün lisenziya tələb edilmir. Buna görə də insanları aldatmaq məqsədilə lombard açanların sayı günü-gündən artır. Bu cür halların olması lombardlara nəzarətin, onların fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbulunu vacib edir”.