​“Lənkəranski”ni o biri dünyaya göndərdim" deyən “qanuni oğru” vuruldu - QİSAS, YOXSA...

Axtarışda olan “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılovun Abxaziyada güllələnməsinin pərdəarxası səbəbləri...
 
Azərbaycanlı “qanuni oğru”, “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılov Abxaziyada güllələnib. Primecrime.ru saytının məlumatına görə, “Gəncinski” Abxaziyanın Qudauti şəhərinə Nadir Səfilovun (“Lotu Quli”) tapşırığı ilə gedibmiş. Səfərdə əsas məqsəd isə “Quli”yə yaxın olan “Nika Qaqrinski” ləqəbli “qanuni oğru” Nikolay Dqebuadzeyə dəstək vermək olub.
Məlumatda deyilir ki, “Nika” abxaz “qanuni oğru”ları tərəfindən sıxışdırılırmış. Bir qədər əvvəl “Quli” “Kuşa” ləqəbli Aleksandr Kuşnerova da Abxaziyaya yollanıb vəziyyəti nəzarətə almağı tapşırmışdı. Amma “Kuşa” Abxaziyaya girə bilməmişdi.
Qudautiyə gələn “Rəşad Gəncinski” və “Roma Stavropolski” şəhərdəki restoranların birində “Nika” ilə düşmən olan “qanuni oğru”ları cəzalandırmaq istəyiblər. “Stavropolski” yerli “qanuni oğru”lara güc nümayiş etdirmək istəyərkən isə “Pıza” ləqəbli qanuni oğru Raul Bartsba silaha əl atıb. Nəticədə azərbaycanlı “qanuni oğru” və “Nika Qaqrinski” güllə yarası alıblar. Yaralıların hara yerləşdirildiyi və sonrakı taleləri haqda hər hansı məlumat yoxdur.
“Rəşad Gəncinski” “Quli”nin klanına qoşulduğu barədə məlumatlar hələ bir neçə ay əvvəl yayılmışdı. Məlumatlarda deyilirdi ki, “Quli” “Rövşən Lənkəranski”nin qətlindən sonra güclənərək bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətinə alıb. Xəbərlərdə deyilirdi ki, “Lotu Quli” nin klanı digər kriminal qruplaşmaları Moskva başda olmaqla, böyük şəhərlərdən sıxışdırıb çıxarmaq istəyir. “Bu proses yeni qanqster müharibəsinin başlamasına səbəb ola bilər” deyə, Rusiya xüsusi xidmət orqanlarındakı mənbə bildirirdi.
 
Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, “Rəşad Gəncinski” qanqsterlər arasındakı söhbətlərdən birində “Lənkəranski”nin onun əmri ilə “o biri dünyaya göndərdiklərini” deyibmiş. “Rəşad Gənsinski” bildirib ki, “Lənkəranski”nin qətlinin motivi onun yaxın dostu, “göyərti kralı” kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir. Amma daha maraqlısı bundan sonra baş verdi. Rusiya hüquq-mühafizə orqanları “Rəşad Gəncinski”ni Canbulat Şamiloğlunun qətlinin sifarişçisi kimi axtarışa verdi. Rusiya mətbuatı yazırdı ki, azərbaycanlı “qanuni oğru” qətli hazırda həbsdə olan “Şakro Molodoy” kimi tanınan Zaxari Kalaşovdan alıb və killer axtarışına çıxıb. 2016-cı ildə Moskvanın yol polisi əməkdaşları təsadüf nəticəsində bir nəfəri saxlayıblar və ondan Canbulat Şamiloğlunun qətlə yetirildiyi silah tapılıb. Sonra araşdırma nəticəsində killerin telefonundan “Rəşad Gəncinski” ilə zəngləşməsi və yazışmaları tapılıb. Tapılan yazışmada söhbət Canbulatın öldürülməsindən gedirmiş. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb və “Rəşad Gəncinski” beynəlxalq axtarışa verilib.
“Rəşad Gəncinski”nin axtarışda olduğu bir vaxtda Gürcüstanın işğal olunmuş Abxaziya bölgəsində peyda olması bu baxımdan maraq doğurur. Onun saxta sənədlə Abxaziyaya getməsi də mümkündür.
Məlumat üçün deyək ki, “Rəşad Gəncinski” 1978-ci ilin 16 martında Gəncədə anadan olub. “Qanuni oğru” adını isə 2013-cü ildə alıb.
Maraqlıdır ki, “Quli”nin adamının vurulması həbsdə olan “qanuni oğru”ya qarşı azərbaycanlı dörd kriminalın ittifaq yaradığı barədə xəbərlərlə eyni vaxta təsadüf edir. Bu iddia ilə Rusiyanın “Rosbalt” agentliyi çıxış edib. Agentlik Azərbaycandan olan bir sıra “qanuni oğru”ların “Lotu Quli”yə meydan oxuduğunu yazıb.
“Quli”yə qarşı ittifaq yaradanların Rafiq Eyvazov (“Rafiq Masallinski”), Cavid Məmmədov (“Dato Ağcabədinski”), Emin Əhmədov (“Emin Hacıqabulski”) və Ceyhun Əsgərov (“Ceyhun Gəncinski”) olduğu vurğulanıb. Məhz bu “qanuni oğru”lara əvvəllər “Rövşən Lənkəranski”nin klanına daxil olan Suxumiski qardaşlarının dəstəklədiyi bildirilir.
O da istisna deyil ki, “Gəncinski”nin güllələnməsi “Lənkəranski” klanının intiqamı da ola bilər./musavat.com/