LƏNKƏRANLI SAHİBKARDAN NÜMUNƏVİ ADDIM - Şəhid övladlarının doğum günlərini keçirəcək

Sahibkar: “Biz atalarınıza əbədi borcluyuq, haqqı onlar tərəfindən ödənilib”

Azərbaycanda ölkə başçısının sahibkarlıq fəaliyyətinin daha da inkişaf etdirilməsi sahəsində Proqram xarakterli göstərişlərinin icrası və şəhid ailələrinə daimi qayğısı öz müsbət bəhrələrini verməkdədir. Bunun nəticəsi kimi sahibkarlar zümrəsi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, xeyriyyəçilik tədbirlərində öndə gedir, şəhid və kimsəsiz ailələrin problemlərilə yaxından maraqlanır. Belə sahibkarlıq subyektlərindən biri də Lənkəran şəhərindəki “Boranı” Ailəvi İstirahət Mərkəzidir.
Fəaliyyətə başladığı ilk gündən “Boranı” Ailəvi İstirahət Mərkəzinin rəhbərinin təşəbbüsü və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı cənab Taleh Qaraşovun sahibkarlara hərsahəli köməyi və şəhid, kimsəsiz ailələrə gündəlik qayğısı nəticəsində “Boranı” AİM öz imkanları hesabına O.Mirzəyev adına şəhər qarışıq tipli uşaq evində tərbiyə alan uşaqlar üçün ayda bir dəfə nahar süfrəsi və əyləncəli proqramlar təşkil edir.
Xeyriyyəçilik fəaliyyətini daha da genişləndirən və şəhidlərimizin müqəddəs ruhlarına böyük ehtiramla yanaşan müəssisənin rəhbəri qərara alıb ki, Lənkəran Şəhər Icra Hakimiyyətinin təşkilati dəstəyilə Lənkəran rayonundakı Qarabağ müharibəsi şəhidlərinin bütün övladları doğum günlərini hər il “Boranı” AİM-də mərkəzin hesabına keçirsinlər. Bu məqsədlə Şəhər İcra Hakimiyyəti tərəfindən doğum günü olacaq şəhid övladlarına üzərində “Biz atalarınıza əbədi borcluyuq. Haqqı onlar tərəfindən artıq ödənilib” sözləri yazılmış dəvətnamə veriləcəkdir.
Bu müəssisənin rəhbəri ölkənin bütün sahibkarlarını imkanları daxilində belə xeyriyyə tədbirlərində yaxından iştirak etməyə dəvət edir və onları bu istiqamətdə fəal mövqe tutmağa çağırır.

Muxalifet.az