​Lənkəranda çay daşdı - Evlər qəzalı vəziyyətə düşdü

Baxış sayı: 59

Lənkəran çayının daşması nəticəsində su basan ev və həyətyanı sahələrin sayı məlum olub.
Muxalifet.az xəbər verir ki, Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Möhübbət Babayev Trend-ə açıqlamasında bildirib ki, hadisə nəticəsində rayonun 10 kəndində həyətyanı sahə və evlərə su dolub.
M.Babayev bildirib ki, 1000-ə yaxın ev və həyətyanı sahəyə su dolmuşdu: "Su dolan evlərin sayı 90-a yaxın idi. Birinci mərtəbəsinə su dolan evlərdə yaşayan ailələr evlərin 2-ci mərtəbəsində yerləşdirildilər və birinci mərtəbələr sudan təmizləndi. 52 mənzildə yaşayan ailələr isə evlərindən köçürüldülər. Artıq həmin ailələrdən 49-u evlərinə qaytarılıb. 3 ev isə qəzalı vəziyyətə düşdüyündən ailələri o evlərə köçürmək mümkün olmadı. Hazırda həmin ailələr yaxın qohumlarının evlərinə köçürülüb və müvəqqəti olaraq orada yaşayırlar. Qəzalı evlərlə bağlı akt tərtib edilərək Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlara təqdim edilib. Həmin ailələrə yeni mənzillər tikiləcək".
İcra başçısının müavini hadisə nəticəsində sel basan kəndlərin adlarını da açıqlayıb. Bildirib ki, sel rayonun Sütəmurdov, Viravul, Vilvan, Göyşaban, Günəhir, Xarxatan, Rvo, Vel, Siyavar və Boladi kəndlərini və Lənkəran şəhərinin bir hissəsini basıb.
Qeyd edək ki, ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində oktyabrın 5-də Lənkəran çayı daşıb. Hadisə zamanı çay kənarındakı ərazilərdə yerləşən yaşayış evləri və həyətyanı sahələri su basıb.