“Əliyevlə Paşinyan Moskva üzərindən problemsiz və məxfi danışa bilərlər...”

Baxış sayı:
3637

Sabah Düşənbədə MDB müdafiə nazirləri Şurasının iclasında Rusiyanın və Belarusun təşəbbüsü ilə postsovet respublikalarının ərazilərindəki “dondurulmuş” münaqişələrə dair müdafiə nazirləri arasında qeyri-formal müzakirələr olacaq. Virtualaz.org xəbər verir ki, bu haqda “Nezavisimaya qazeta” hərbi-diplomatik qaynaqlara istinadla bildirir.

Məlumata əsasən bu mövzu ətrafında konfidensial müzakirələr sentyabrın 28-də Düşənbədə MDB dövlət başçıları sammitində prezidentlər Aleksandr Lukaşenko və Vladimir Putin arasında aparılıb. Belarus prezidenti bu faktı şərh edərkən deyib ki, bu barədə sammitdə çox söhbətlər olub. “Bu haqda təkcə bir prezident danışmayıb, mən də danışdım, Nursultan Abışeviç də danışdı. Ukraynanın şərqi məsələsi, Dnestryanı bölgə, xüsusən Dağlıq Qarabağ haqda. Biz bu qordiyev düyünlərini sökməliyik”-Lukaşenko jurnalistlərə bildirib.

 

Qəzet yazı ki, Rusiya və onun KTMT üzrə müttəfiqləri ümumsiyasi və diplomatik səviyyələrdə postsovet məkanındakı münaqişələrin nizamlanmasında iştirak edirlər. Onlar habelə Minsk Qrupunun, BMT-nin və KTMT-nin çərçivəsində Dağlıq Qarabağ və Dnestryanı münaqişələrinin nizamlanmasına da hədəfləniblər. Lakin bu proseslərə hərbçiləri cəlb etmədən irəliləyiş mümkün deyil.

Xatırladılır ki, Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-formal müzakirələr olub. Tərəflər razılaşıblar ki, müdafiə nazirlərinə təmas xəttində və iki ölkənin dövlət sərhədi boyu gərginliyin azaldılması üçün tapşırıqlar versinlər. Habelə Paşinyan bildirib ki, Azərbaycan prezidenti ilə operativ rabitə kanalının yaradılması barədə razılıq əldə edib. “Əgər biz istəyiriksə ki, atəşkəsə tam əməl edilsin, belə rabitə olmalıdır”-Paşinyan deyib.

“Nezavisimaya qazeta” isə belə rabitə əlaqəsinin məhz Moskva üzərindən qurula biləcəyini yazır. Bildirilir ki, bu məsələ Rusiya Müdafiə Nazirliyinin iştirakı ilə iki ölkənin hərbi strukturları arasında effektiv şəkildə təşkil edilə bilər. “Və Daşkənddə, müdafiə nazirlərinin toplantısında görünür bu məsələ də müzakirə olunacaq”-qəzet yazır.

Qeyd olunur ki, KTMT çərçivəsində Yerevanla Moskva arasında qorunan rabitə əlaqəsi artıq mövcuddur. Azərbaycan və Rusiya da hərbi tərəfdaşlıq üzrə partnyorlar olaraq etibarlı hərbi rabitə əlaqəsinə malikdirlər. “Əgər bu kanalı Rusiya Müdafiə Nazirliyinin Milli idarəetmə mərkəzinin şəbəkəsinə birləşdirsələr və ya KTMT-nin Moskvadakı qərargahına qoşsalar o zaman Paşinyan və Əliyev Moskva üzərindən necə deyərələr, məxfi və problemsiz şəkildə danışa bilərlər”-hərbi ekspert və istefada olan general-leytenant Yuri Netkaçyev deyib.

SSRİ-nin Dnestryanı bölgədə yerləşdirilmiş 14-cü ordusunun keçmiş komandanı olan Netkaçyev bildirir ki, Tiraspol və Kişnyov arasında Moskva üzərindən belə rabitə əlaqəsi artıq qurulub. Bu da münaqişə zonasındakı situasiyanı izləməyə imkan verir.

“Moldova və Rusiya hərbi sülhməramlıları Dnestryanında stabilliyi təmin edir. Bunu Dağlıq Qarabağda və Ukraynanın şərqində də etmək olar”-ekspert deyib.