ƏLİYEV VƏ PAŞİNYAN MƏTBUATA BƏYANATLA ÇIXIŞ ETDİ - VİDEO / Yenilənib

Baxış sayı:
1289

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən sonra Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

 

Rusiya Prezidenti Vladimir Putin bugünkü görüşü istisnasız olaraq vacib və faydalı hesab etdiyini bildirib. O, İlham Əliyev və Nikol Paşinyanla danışıqların yekununda regionun inkişafına dair birgə bəyanatın imzalandığını söyləyib: "Həmkarlarıma - həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazirinə bu gün Moskvaya gəlməyə, bizim keçən ilin 9 noyabr tarixli sülh razılaşmamızın şərtlərinin icrası ilə bağlı məsələləri müzakirə etmək üçün görüşməyə razılıq verdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm. Bu razılaşmanın şərtlərinə ümumilikdə riayət edildiyi, heç bir ciddi insidentin qeydə alınmadığı qənaətinə gəldik".

 

 

Onun sözlərinə görə, Rusiyanın sülhməramlı qrupu hər iki tərəf qarşısındakı öhdəliklərini tam şəkildə yerinə yetirir: "Bugünkü görüşümüzün əvvəlində dediyim kimi, 48 mindən çox köçkün və qaçqın artıq Dağlıq Qarabağa qayıdıb. İnfrastruktur, energetika, yaşayış binaları, sosial infrastrukturun bərpası üçün davamlı iş aparılır. Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzaladıq. İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişafı üzrə konkret addımları nəzərdə tuturam. Bu məqsədlə üç hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin rəhbərlik edəcəyi işçi qrupu yaradılacaq. Yaxın zamanda onlar işçi ekspert alt qrupları yaradacaq, regionun nəqliyyat infrastrukturu və iqtisadiyyatının inkişafı üzrə konkret planlar təqdim edəcəklər. Əminəm ki, bu razılaşmaların icrası həm Ermənistan, həm də Azərbaycan xalqlarına fayda verəcək və heç şübhəsiz, bütövlükdə regiona, deməli, Rusiya Federasiyasının mənafeyinə də fayda verəcək".

 

 

Azərbaycan Prezidenti İlham Əliyev isə bildirib ki, regionun bundan sonrakı dayanıqlı, təhlükəsiz inkişafının təmin olunması üçün bugünkü görüş çox vacib idi.

Dövlət başçısı deyib: "Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. 

Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.

Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. 

Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik".

 

 

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi həll olunmayıb və Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində danışıqları davam etdirməyə hazırdır: “Təəssüflər olsun ki, hərbi əsirlərlə bağlı məsələni həll etməyə nail olmadıq. Bu, ən həssas və ağrılı məsələdir. Ona görə ki, humanitar məsələdir. Razılaşdıq ki, bu istiqamətdə işi davam etdirəcəyik. 

Bu gün imzalanan bəyanat həqiqətən çox vacibdir. Bu bəyanatın icra olunması bizim regionun iqtisadi simasını və obrazını dəyişə, iqtisadi yenilik və daha etibarlı təhlükəsizliyə zəmanət verə bilər. Biz bu istiqamətdə konstruktiv işə hazırıq. Lakin bir görüşlə bütün məsələləri həll etmək olmaz”