“ƏLİYEVƏ ÇOX CAZİBƏDAR BİR TƏKLİF EDİLDİ...” – "Azərbaycan bütün Qarabağda suverenliyini bərpa edəcək"

Baxış sayı:
1300

Azərbaycan Ordusu Şuşadan sonra hərbi əməliyyatları davam etdirə və Dağlıq Qarabağın qalan hissəsini də nəzarətə ala bilərdimi?

ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Pol Qobl "Azadlıq" radiosuna bildirib ki, bu halda Ermənistanda yeni qaçqınlar yaranacaqdı və ölkədə sabitlik daha da pozulacaqdı, ona görə də Moskva Ermənistanı tamamilə itirməmək üçün kompromis həll təklif etdi: “İndiki razılaşma Azərbaycan üçün tam qələbə demək deyil, prosesin sonu da deyil, sülh deyil, növbəti atəşkəsdir. Amma zaman keçdikcə, Azərbaycan güclənir və bir müddət sonra Azərbaycan bütün Qarabağda effektiv suverenliyini bərpa edəcək. Bu müddət ərzində isə Naxçıvan və Azərbaycan arasında dəhlizin əhəmiyyəti güclənəcək və bunlar üzərində bir növ suverenlik bərpa edəcək”.

Xatırladaq ki, Pol Qobl 1990-cı illərin əvvəlində Azərbaycanla Ermənistan arasında ərazi mübadiləsi nəzərdə tutan planın müəllifidir. Həmin planda Laçında Qarabağdakı erməni anklavına, Ermənistanın cənubunda isə Azərbaycandan Naxçıvana dəhliz verilməsi nəzərdə tutulurdu. O həm də bir müddət Azərbaycan Diplomatik Akademiyasının keçmiş departament direktoru olub.

Qobl deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında Rusiyanın Ermənistana silah göndərməsini dəfələrlə qeyd etmiş olsa belə, ona görə sonda Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə razı oldu. Çünki ona çox vacib bir təklif - Naxçıvana dəhliz təklif olundu. “Əliyev niyə bunu etdi? Məncə, o, çox istədiyi bir şeyi əldə etdi - Naxçıvana dəhliz. Əliyevlər naxçıvanlıdır. Naxçıvan ailə üçün son dərəcə vacib bir simvoldur. İlham Əliyevə bu koridor təklif olundu və bu çox cazibədar təklifə yox deyə bilmədi. Bundan başqa da, əgər ordu irəliləməkdə davam etsəydi, Rusiya Ermənistanın cənubuna - Zəngəzura kütləvi qoşun tökəcəkdi və Azərbaycana imkan verməyəcəkdi irəli getməyə”.

Pol Qobl deyir ki, Rusiyanın Azərbaycana sühməramlı gətirməsi beynəlxalq hüquqa ziddir, çünki Rusiya burda maraqları olan tərəfdir. Politoloq hesab edir ki, ABŞ buna öz etirazını bildirməli idi. O ümid edir ki, ABŞ-da yeni seçilən prezident Co Bayden administrasiyası gələn ildən fəaliyyətə başlayanda beynəlxalq hüququn təmin edilməsi və Rusiya sülhməramlılarının neytral qüvvələrlə əvəzlənməsi təklifi ilə çıxış edəcək.

Onun fikrincə, Rusiya bu fürsətdən istifadə edib Cənubi Qafqazda oyun oynaya bilər: “Məsələn, təxribatlar edilə bilər - tərəflər birinə hücum edə bilər. Məncə, Rusiyanın Ermənistanı məcbur etməsinin bir səbəbi də budur: Rusiya qorxur ki, Ermənistan bir vaxtlar etdiyi kimi "Asala" terror hücumlarına geri dönə bilər. Qarabağ daxilində belə təxribatlar edilsə, elə görünəcək ki, bunu guya Türkiyə, Azərbaycan edir. Bu halda, Rusiya bundan təzyiq vasitəsi kimi istifadə edə bilər”./Azpolitika.info