​Livanın baş naziri Səudiyyə Ərəbistanı tərəfindən qaçırılıb — “Hizbullah”dan müharibə mesajı

Ötən həftə istefa verən Livanın baş naziri Saad əl-Həriri yoxa çıxıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Livan prezidenti Mişel Avn açıqlamasında bildirib. Onun sözlərinə görə, istefa verdiyini bəyan edən baş nazirdən sonradan heç bir xəbər ala bilməyiblər.
“Biz bu barədə dəfələrlə Səudiyyə Ərəbistanı hökumətinə sorğular göndərmişik. Lakin Saad əl-Həriri barədə heç bir məlumat verilmir”, - deyə ölkə rəhbəri bildirib.
Mişel Avn keçmiş baş nazirin Səudiyyə Ərəbistanında qaçırıldığını iddia edir: “Saad əl-Həririnin Beyruta dönməsini əngəlləyən heç bir səbəb olmamalıdır. Onu niyə geri qayıtmağa qoymurlar? Livan beynəlxalq razılaşmalara zidd olaraq Həririnin saxlanılmasını qəbul etmir. Onu ya qaçırıblar, yaxud da, gizli olaraq həbs ediblər”.
Qeyd edək ki, dünən “Hizbullah” lideri Seyid Həsən Nəsrullah da baş nazirin Səudiyyə Ərəbistanı tərəfindən qaçırıldığını deyib. Onun sözlərinə görə, onların bu addımı “Hizbullah” və Livana qarşı açıq müharibə elanıdır.
Xatırladaq ki, ötən həftə Livanın baş naziri Saad əl-Həriri istefa verib. O, vəzifəsindən ayrılması ilə bağlı xəbəri efirdə çıxışı zamanı açıqlayıb. Həriri çıxışında həmçinin hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı günlərin ab-havası ilə eyni olduğunu bildirib.  O, İranı və “Hizbullah”ı da kəskin tənqid edib, rəsmi Tehranı ərəb dövlətlərinin əlaqələrinə müdaxilə etməkdə günahlandırıb. Həriri özünə qarşı təxribat hazırlandığını da hiss etdiyini vurğulayıb.