Livanın baş naziri Həriri İSTEFADAN VAZ KEÇDİ – ŞOK YARATMAQ İSTƏYİRMİŞ

Livanın baş naziri Səad Həriri, ölkəsinin sabitliyi üçün vəzifənin başında olmağa davam edəcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda, 4 noyabrda baş nazir vəzifəsindən istefa verdiyini açıqlayan və sonra istefasını təxirə saldığını qeyd edən Həriri, Fransanın “C News” kanalında yayımlanan müsahibəsində bəyan edib.
Həriri, istefası və sonra baş verən proseslərə dair bir suala, "Livanın vəzifə başındakı baş naziriyəm. Livanın baş naziri kimi öz vəzifəmi davam etdirmək istəyirəm. İstefa qərarı alaraq müsbət bir şok yaratmaq istədim. Livan xalqına böyük bir problemimizin olduğunu bildirmək məqsədilə bu şok istefa qərarını aldım. Səudiyyə Ərəbistanında olanlar haqqında heç bir dəyərləndirmə etməyəcəm” deyə, istefa səbəblərini əsaslandırıb. Ancaq bununla belə, Səudiyyə paytaxtında baş verənlər haqda suala cavab verməməsi yenə də Həririyə basqıların olması haqda şübhələri qüvvədə saxlayıb.
Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın, ölkəsi üçün gələcəkdə böyük və əhəmiyyətli islahatlar aparacaq biri olduğunu qeyd edən Həriri, "Hizbullah, regionda sabitliyi təhdid edən və bütün ölkələrin işlərinə qarışan bir təşkilatdır, təbii ki, İran üzərindən" deyə, fikir bildirib.
Həriri müsahibədə, Hizbullahın Livandakı fəaliyyətini davam etdirməsi vəziyyətində yenidən istefa edəcəyi mesajını da verib. Fransa prezidenti Emmanuel Makronun Livanda sabitliyin bərqərar olmasını istədiyini qeyd edən Həriri, "Makron Livanı qorudu. Livan Fransızca danışılan ölkədir. Eyni zamanda, Makron ilə aramızda xüsusi bir əlaqə var. Fransa və Livanın tarixi əlaqələri vardır" deyə söyləyib.
Müxalifət.az