Əlisa Nicat: “Qadın ancaq doğmaq üçün yaranıb”

Fevralın 21-də “Kitabevim.az” Mağazalar Şəbəkəsində yazıçı Əlisa Nicatın imza günü  keçiriləcək. İmza günündən öncə Kult.az-ın əməkdaşı Əlisa Nicatla söhbətləşib. Müsahibəni olduğu kimi dərc edirik.

– Əlisa müəllim, hazırda nə işlə məşğulsunuz?

– İndi külliyyatımın çapı ilə məşğul oluram. 49 cilddir, 50-ci cilddə mənim haqqımda yazılan məqalələri toplayacağam. Asiya qitəsində bu birinci dəfədir. Heç bir yazıçının bu qədər külliyyatı olmayıb. Avropada bu var. Hötenin 130 cild, Dümanın 500 cildlik kitabları var. Bizdə ən çox Zəlimxan Yaqubun külliyyatı idi ki, o da 13 cild idi. Adının hər hərfinə bir cild həsr etmişdi. Bir də deyəsən, Bəxtiyar Vahabzadənin 12 cildliyi var idi. Ancaq 49 cildlik birinci dəfədir.

– Bəs imtina etdiyiniz yazılarınız olmadı?

–  Çox olub. Xüsusilə publisistikada imtina etdiyim məqalələrim çoxdur. Düzü, mənim həddindən çox məqalələrim var. 90-cı ildə Bakıya köçüb gəldim. Dolanmaq üçün müxtəlif qəzetlərə yazırdım. Məndən başqa türk tarixindən Atillanı bilən yox idi. Mən bunların ilk mənbəsini tapıb oxumuşdum. İndi o dövrlərdə yazdığım publisist əsərlərimdən bəzilərini aktuallığını itirdiyinə görə kitaba salmadım. Bədii yazılarımdan heç cür imtina etmək olmur. Qədim hind məsəlində deyilir ki, insanın övladı nə qədər pis olsa da, nə qədər vecsiz olsa da, ata ona baxanda yenə də fəxr hissi keçirir. Bir az banal səslənsə də, əsərlərim mənim övladım kimidir. Onlardan imtina edə bilmirəm.

– 80 yaşına yaxınlaşırsınız. Ancaq yenə də işləyirsiniz? Bəs nə vaxt bir kənara çəkilib, öz istədiklərinizi yazacaqsınız?

– Təəssüf ki, bu indiki halda mümkün deyil. Mən də dolanmalıyam. 160 manat təqaüd  alıram. Həm də işləyirəm. Bu maaş və təqaüdlə birtəhər ayı başa vururam. Maddi çətinliyim olmasaydı, evimdə oturub öz istədiyim yazıları yazardım. Aristotelin “Metafizika” əsərini 2500 ildir ki, heç kim başa düşmür.  Bu əsər o qədər qəlizdir ki, anlamaq çətindir. Bir fəslini bir ay ərzində dəfələrlə oxuyuram və  yavaş-yavaş onun nə demək istədiyini saf-çürük edirəm. Balzak borc alır, sonra borcu ödəmək üçün tezbazar iki dənə roman yazırdı.

– Qadınlara qarşı münasibətiniz birmənalı deyil.

– Qadın ancaq doğulub və doğmaq üçün yaranıb. Təbiət ona başqa heç bir funksiya verməyib. Bu fikir çoxunun acığına gəlir. Ancaq bu bir elmdir. Neçə yüz il qabaq qadın və kişinin beynini çəkiblər. Beyinin çəkisi kişilərdə orta hesabla 1 kilo 600 qram, qadınlarda isə 1 kilo 200 qram gəlib. Qaradərililərdə də belədir. Onların beyni orta statistik avropalının beynindən azdır. İndi nə etmək olar, Allah onları elə yaradıb. Bu qadınların acığına gəlsə də, belədir.

– Bildiyimə görə, gənclik sevgiləriniz hamısı uğursuz olub, qovuşa bilməmisiniz. Qadına qarşı aqressiyanızın səbəbi məhz bu uğursuzluq ola bilərmi?

– Mənim üçün dünyada ən böyük nemət sevgidir. O da olur 16-20 yaş arasında. Mən də cavanlığımda bir neçə dəfə sevmişəm. Ancaq məhəbbətim həmişə daşa dəyib. Çünki sevdiyim qızların hamısı imkanlı ailədən olublar. Mən də kasıb olduğum üçün bizim sevgimiz alınmayıb. Sevgilərim uğursuz olduqdan sonra uzun müddət depressiyaya düşdüm. Yaşamağımda bir məna görmürdüm. Elə bu məqamda fəlsəfə ilə məşğul olmağa başladım. Fəlsəfə məni bu uçurumdan xilas etdi. O vaxtlar bir çox fəlsəfi kitablar qadağan idi. Mən çətinliklər hesabına da olsa, bu kitabları tapa bilirdim. Bəzən bir filosofun əsərini almaq üçün aylıq maaşımı verirdim.

Mənim qadınlara qarşı heç bir kompleksim yoxdur. Mənə görə qadınlar pərəstiş obyektidir. Məsələ bundadır ki, indiyə qədər bir dənə də olsa, filosof qadın yoxdur. Qadınlar praktiki işlərdə çox ağıllıdırlar. Bir gün Rüstəm Zalı biri evinin qarşısında çağırır. Deyir, çıx, səninlə işim var. Rüstəm də başıalovlu çıxmaq istəyəndə, arvadı onu saxlayır. Məsləhət görür ki, döyüş paltarını geyinsin, qılıncını, qalxanını götürsün. Bəlkə, çöldəki adam elə səni öldürmək istəyir. Rüstəm Zal arvadının sözünü dinləyir. Evdən çıxanda görür ki, həqiqətən də, onu öldürmək istəyən bir adam var. Yəni qadının bu cür praktik düşüncəsi var. Ancaq mən indi neynəyim ki, Allah qadını dərin düşüncə üçün yaratmayıb? Almaniyada rus dilində dünyaca məşhur  bir fizioloqun min səhifəlik kitabı çap olundu. Kitabın adı “Qadın ağıldankəmliyinin fizioloji səbəbləri”dir. Yəni bu artıq aksiomadır. Alimlər artıq bunun səbəblərini araşdırır.

– Vaxtaşırı tarixi şəxsiyyətləri yenidən müzakirə edirlər. Buna sizin münasibətiniz necədir? Babək və Şah İsmayıl Xətai ən çox müzakirə olunan tarixi personajlardandır.

– Bunun çoxu qanmazlıqdandır. Mən Babəki ərəb mənbələrindən oxumuşam. Onun qəhrəmanlığına, igidliyinə şübhə yoxdur. Bu adam liberal, yumşaq adam deyildi. Düşmənini edam etdirərdi. Onun bir cəlladı var idi, onun ideyasını qəbul etməyənləri ona öldürtdürərdi. Sonda ərəblər onun özünü də məhz həmin cəllada öldürtdü. Babək Azərbaycanda işğala qarşı çıxmış bir adamdır. Əlbəttə ki, onu qəhrəman kimi qəbul etməliyik. Atasının yağsatan olmağı, nəsil-nəcabətinin bilinməməsinin ümumi məsələyə dəxili yoxdur. Bu adama deyiblər ki, Allahın varlığını qəbul elə, çıx get öz yerində vali ol. O, bununla barışmayıb. Həzrəti Əli Afrikaya ki gedir, buranın camaatını müsəlmanlaşdırsın. Həzrəti Əli qəbilə başçısı ilə görüşür və deyir ki, bu adamları bir-birinə qırdırmağın mənası yoxdur, gəl biz dalaşaq və qalib gələn tərəf istədiyini etsin. Razılaşırlar və başlayırlar döyüşməyə. Həzrəti Əli qüdrətli pəhləvan idi. Döyüşdə qalib gəlir və qəbilə başçısını yıxır yerə və bunun başını kəsmək istəyəndə, görür ki, bu adam yalvarıb aman diləmir.  Bu keyfiyyəti çox xoşuna gəlir. Deyir ki, Allahı qəbul elə səni bağışlayım. Qəbilə başçısı onun üzünə tüpürür və deyir ki, bunu qəbul etmirəm. Həzrət Əli üzünü silir və onu buraxır deyir ki, çıx get. Mən səni vura bilmərəm. Bura İslam dinini yaymağa gəlmişəm. Sən məni təhqir etdin. Əgər səni vursam, belə çıxır ki, səndən qisasımı alıram. Buna da dinimizdə icazə verilmir. Qəbilə başçısı bundan sonra İslamı qəbul edir. İndi demək istədiyim budur ki, Babək qəhrəmandır, bəs onu müzakirə edən Fazil Qəzənfəroğlu kimdir? Bax məsələ budur. Düşünürəm ki, Fazil Qəzənfəroğlunun haqqı çatmır ki, Babək haqda danışsın.  Şah İsmayıl Xətai birinci dəfə dövlət yaradıb, Azərbaycan dilini dövlət dili edib. Türk dilində divan yaradıb, özündən sonra məktəb qoyub. İndi durub bu kişini ləkələmək nəyə lazımdır axı? Güntay Gəncalpın kitabını oxumuşam. Bu adam tamamilə savadsızdır. Bu adam anlamır ki, XVI əsrdəki hadisələrə XXI əsrin düşüncəsi ilə münasibət bildirmək doğru deyil.

– Belə bir fikriniz var ki, Azərbaycanda uzun müddət ədəbiyyat olmayıb. Bu fikrə aydınlıq gətirməyinizi istərdim.

– Azərbaycanda ədəbiyyat yox idi. Bunun günahkarı Nizamidir. O, farscada yazdı və bu, ənənə halını aldı. Sonradan Nəsimi, Füzuli dönüb türkcə yazmağa başladı. Molla Pənah Vaqif də bunu inkişaf etdirdi. Ancaq bütün bunlar yalnız poeziyada idi. Özü də Füzulinin şeiriyyatı başdan-ayağa gözəllərin təsviri, onların ilahiləşdirilməsinə hesablanıb. Mirzə Fətəli Axundov gəldi və əsl ədəbiyyat yaratdı. Xalqın yaşayışını ədəbiyyatda göstərdi. Sovet dövrü gələndə isə bu realist ədəbiyyat ləğv olundu. Lenin şüar verdi ki, ədəbiyyat ümumproletar işinin bir hissəsidir. Bundan sonra sosrealizm yarandı. Bununla da ədəbiyyat yox oldu. İndi cavan yazarlarımız realist əsərlər yazırlar.

– Nəriman Əbdürrəhmanlının “Qurban” kitabı haqda da yazı yazmışdınız.  Sizcə, “Əli və Nino” əsərinin müəllifi kimdir?

– Nəriman Əbdürrəhmanlının kitabını oxudum. O, səhv edir. Axı bir yazıçı necə bir adamın romanını başqasına durub bağışlaya bilər? Nərimanın peşəkarlığı var deyə, romanı elə qurur ki,  “Əli və Nino” Yusif  Vəzir Çəmənzəminlinin əsəri kimi görünür. Ancaq bu belə deyil axı. Müəllif türkləşmiş yəhudi olan Qurban Səiddir. O, burada doğulub, burada təhsil alıb. Azərbaycana həmişə rəğbətlə baxıb. Necə olur ki, Yusif  Vəzir Çəmənzəminli bir dəfə ailəsinə bu roman barəsində danışmayıb? Əsərin ruhu ilə onun yazdıqları da bir-birinə uyğun gəlmir. Yusif  Vəzirin ermənilərə rəğbəti olub. Ancaq “Əli və Nino” erməniləri tənqid edən bir əsərdir.

– Absurd janrda yazdığınız əsərlər var. Niyə bu janr Azərbaycanda geniş yayıla bilmədi?

– “Ehram” və “Artakserks” romanlarım absurd janrdadır. “Artakserks” Əhəməni şahıdır. Romanda onu 2500 ildir yaşayan adam kimi təsvir etmişəm. O qocalır, ilan kimi dərisini dəyişir və yenidən cavanlaşır. Yəni heç vaxt ölmür. Bizdə absurd janrı qəbul edə bilmirlər. Beyinlərinə girmir. Həm də bu günə qədər yazdıqlarını inkar edib, yeni əsərlər oraya qoymaq hər adamın işi deyil.

– Sizcə, bizdə sandıq ədəbiyyatı yaranmışdımı?

– Bizdə sandıq ədəbiyyatı yox idi. Çünki azərbaycanlı işgüzardır. Sovet dövründə Yazıçılar İttifaqının hamısı partiyanın üzvü idi. Onda mən bundan imtina etdim. Alverçi təfəkkürümüz var. Heç vaxt böyük ideyalar bizim işimiz deyil. Bizi bugünkü qazancımız maraqlandırır. Sabah barəsində düşünmürük.