“Limit olmasa, heç bunlar da oynamaz” - Onlardan başqa hamını suçladı

Baxış sayı:
607

“Məğlubiyyətin səbəbi qol vura bilməməyimiz idi. Uşaqlar həddən artıq çox üstün oynadılar. Qol vəziyyətləri də yaratdılar. Lakin rəqib səhvlərimizdən qol vurdular. Onlar yaxşı komandadır və həmin səhvlərdən də istifadə etdilər”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib. O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində evdə İsveçrəyə (0:1) məğlubiyyətini belə şərh edib. Mütəxəssis millinin ard-arda məğlubiyyət almasının və sonuncu yerdə qəralaşmasının səbəbini hücumçu çatışmazlığında gördüyünü söyləyib:

“Bizdə hücumçuların səviyyəsi aşağıdır. Bu da Azərbaycan futbolu üçün problemdir. Hücumçularımızın qol vurmaq keyfiyyəti azdır. Futbolçular klublardan gəlir. Yaxşı uşaqlar da milliyə gəlmir də. SSRİ dönəmində bu kimi problemlər yox idi, indi isə bu çoxdur. Bunun həllini tapmağı akademiyalar istəməlidirlər, klublar istəməlidirlər. Amma deyim ki, U-21-in içərisində yaxşı uşaqlar da var, onlar öz üzərlərində işləsələr, tez bir zamanda əsas milliyə daxil ola bilərlər. Millidə də cavan oyunçulara ehtiyyac var”. 

O, legioner limiti məsələsinə də toxunub və limit olmasa, hətta bəzi futbolçuların heç oynamayacağını qeyd edib:

“Bütün yaş qruplarımızda problem var, bəli. Bunun üzərində işləmək lazımdır. Harada işləmək lazımdır? Klublarda, akademiyalarda, qurtardı, getdi. Futbolçular klublarda oynayırlar, amma aşağı səviyyədə, həm də az. Biri var cavan futbolçu limitə görə oynayır, biri də var ki, öz oyununa görə. Mən deyərdim ki, əksər futbolçular limitə görə oynayır. Limit olmasa, heç bunlar da oynamaz. Onda U-21 daha bərbad vəziyyətə düşər”. 

Futbol camiyəmiz bu uğursuzluqlara görə, AFFA-nı və onun gətirdiyi əcnəbi məşqçiləri günahlandırdığı təqdirdə A.Mircavadov onlardan başqa hər şeyi səbəb göstərib. Klubları, legioner limitini və s. tənqid edən mütəxəssis milli komandalarımızdakı məşqçilərlə bağlı isə bu sözləri deyib:

“Vallah, mən onların işini iş birliyin də görmüşəm, normal çalışırlar. Futbol elə oyundur ki, 1-2 oyunla nəsə olmur, bu komanda oyunudur”.