​Əlillərə rabitə və kommunal xidmətlər göstərilməsi “ağla batmır”

Baxış sayı:
413

Telefon-internet, su -kanalizasiya, qaz, işıq, istilik çəkilişi əlillərin hesabınadır

Əlillərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, uluslararası anlaşmalarla təsbit olunan hüquqları olsa da,  gerçəkdə bu hüquqlardan yararlana bilmirlər  . Onlardan hüquqlarının təminatı üçün elə miqdar ödəniş tələb olunur ki, BMT Konvensiyasının,  hökumətin sosial siyasətinin kağızda mövcud olması qənaətinə gəlirsən.
Rabitə,  kommunikasiya texnologiyaları və sistemləri  ilə təminatın sosial müdafiə, reabilitasiya sahəsinin başlıca elementi olmasını vurğulamaqda yanlışlıq etmiş olmarıq yəqin.  Di gəl,  rabitə qurumları əlillərə telefon internet xətti çəkilməsinə görə ağlasığmaz məbləğdə ödəniş tələb edərək illərdir xidmətdən imtina edirlər. Bölgələrdə durum daha ağırdır, yaşayış məntəqələrinin rabitə,  kommunal xidmətlər ilə təchizatı,  əlil-şəhid olmalarından asılı olmayaraq ,  sakinlərin - abonentlərin üzərinə qoyulduğundan , adi sosial xidmətlərlə təminata “üzü qara olmuş” pulsuzluq qadağa qoyur.  Bakıda və digər şəhərlərdə də eyni yazılmamış qaydalar tətbiq olunur. Badamdar qəsəbəsi, 2-ci massiv, 277-ci sahədə məskunlaşan bir neçə Qarabağ əlili ailəsi illərdir rabitə xidmətindən məhrum edilib ki, “nömrə yuvası” dolub və 300 metr kabel tələb olunur.  Halbuki,  elə 4-5 il qabaq əlillərin ali hakimiyyət orqanlarından daxil olan müraciətlərinə cavab olaraq Yasamal Telefon Kommunikasiya  Qovşağı (TKQ) onlara nömrə(lər) ayrıldığını bildirib və. ... bəlli olub ki,  həmin nömrələri imkanlı abonentlərə satıblar. İndi isə iki ildir  əlillərdən telefon və fiber-optik internet xəttinin çəkilməsinə görə 300 metr kabel pulu, üstəlik 400 manat da ödəniş tələb edərək xidməti görəvlərindən imtina edirlər. Özbaşınalığa baxın,  yaşayış sahəsinə telefon çəkilib  kabelləşibsə , nəyə görə əlillərdən 300 metr kabel pulu tələb olunur? Belə çıxır,  hər abonent 300 metr kabel almalıdır? Bəs qanun nə deyir? “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31. 05.2018 tarixli 1153-VQ saylı Azərbaycan Respublikası Qanununun 14.1 maddəsinə görə,  müvafiq icra hakimiyyəti orqanları,  müəssisə və təşkilatlar tabeliklərində olan yol-nəqliyyat,  rabitə , informasiya, mədəniyyət,  məişət və digər sosial infrastruktur obyektlərini əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırırlar.  Hələ də qanun -qayda Baktelekomun Yasamal TKQ-sının məsul şəxslərinin “ağlına batmır”. Ağıllarına batan ağlabatmaz ödənişlər tələb etmələrinə hüquqi don geyindirmək çabalarıdır.  Nə Nəqliyyat,  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN),  nə Ombudsman,  nə də dövlət hakimiyyəti orqanları əlillərin hüquqlarının təminatının bu rabitə,  kommunal xidmət məmurlarının “ağıllarına batmasına” nail ola bilirlər.  Ombudsman Aparatının əlillərin müraciəti ilə bağlı NRYTN -ə sorğusuna Novruz “karantini” günlərində  cavab olaraq “ərazidə kabelləşmə başa çatandan sonra əlillərin telefon və internet rabitəsi ilə təmin olunacaqları” barədə “ağlabatanlığı” növbəti dəfə təkrar olunub. Əlillər ağlabatmaz durumda rabitəsiz,  internetsiz evdə qalmağa məcburdurlar. Koronavirusu bir yana qoyaq,  bu heç kimin ağlına gəlmirdi, bəs axı, 2 il qabaq qəbul olunan yuxarıda söz açdığımız qanunun 32-1 -ci maddəsi də hələ də ağlabatan deyil?
Maddə 32-1. “Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində sosial xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir”.
Sosial xidmət göstərməyə borclu olan müvafiq icra hakimiyyəti orqanı - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) əlillərə elektron qaydada xidmət etmək üçün onların rabitə xidməti ilə də təmin edilməli olmalarını bilmir? ƏƏSMN isə,  ümumiyyətlə, əlillərin sosial infrastrukturla təmin edilməsinə nəzarət etmir. Olmayan rabitə, kommunikasiya sistemi ilə elektron qaydada xidmət göstərmək olar?
Ağlabatan sualdır, ritorik olsa da. ...
Məğrur Bədəlsoy