“Əlillik dərəcəsindən imtina alan 4 nəfər şəxs 2 ay ərzində dünyasını dəyişib” – HÜQUQ MÜDAFİƏÇİSİ

Baxış sayı:
8731

Göyçay rayon poliklinikasının onkoloji kabinetində xəstə kimi qeydə alınmış 4 nəfər onkoloji xəstənin əlilliyin qiymətləndəriliməsi üçün elektron müraciətindən sonra tibbi komissiya onların barəsində “sağlam” olduqları qənaətinə gəlmişdir. Elektron sistem vasitəsi ilə əlillik dərəcəsindən imtina almış 4 nəfər şəxs 2 ay ərzində dünyasını dəyişib.
Buradan belə məlum olur ki, tibbi-sosial ekspertlər əvvəlcədən xəstənin öləcəyini güman edərək onların pensiyaya çıxmaq imkanlarını məhdudlaşdırırlar. Bəlkə də qəsdən ölümə tərk edirlər. Belə çıxır ki, tibbi komissiyanın məqsədi xəstələrin gələcəkdə əlilliyə görə pensiya, müalicə üçün dərman preparatları və s. müavinatların əldə etməsinin qarşısını almaqdır. Onların nəzərində əsas budur ki, dövlətə ziyan dəyməsin, “vətəndaş ölür, ölsün, yaxınlarının başı sağ olsun”.
Digər rayon sakini Şirinov Şahin Niyaz oğlu 2003-cü ildən etibarən ciddi vərəm xəstəsidir, ötən 15 il ərzində mütəmadi olaraq II qrup əlilliyə görə pensiya alırmış. Bu yaxınlarda Tibbi-Sosial Ekspertiza tərəfindən o heçbir müayinə edilmədən “sağlam” qiymətləndirilib və pensiyası kəsilib. Hansı ki, o sağalmaz "vərəm və gepatit c" virusu daşıyıcısıdır. Tibbi komissiyanın bu yaxında ölümə tərk etdiyi digər şəxslərlə Şahin Şirinovun həyatını müqayisə etsək belə anlaşılar ki, onun da yaşamaq şansına Səlim Müslümov "əl" qoyub. Çünki o, pensiya və xəstələr üçün ayrılmış dövlət hesabına dərman preparatları əldə etmədən eyni aqibətlə üzləşəcək.
Əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülür.

“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əsasında tətbiq olunan bu yeni prosedur əlilliyin qiymətləndirilməsi prosesinin məmur-vətəndaş təmasları olmadan, elektron ifrastruktur üzərində tam obyektiv və şəffaf şəraitdə aparılmasına xidmət edir.
Əsasnaməyə görə “obyektiv və şəffaf şəraitdə” əlilliyin necə qiymətləndirilməsini artıq hamınıza bəlli oldu. Bu cür özbaşınalıq və qanunsuz əməllər dərhal durdurulmalıdır. Onkoloji xəstəliyi olan, amma əlillik dərəcəsindən imtina edilmiş 4 nəfər (mərhumlar) Göyçay sakinləri barədə məlumatı rayon poliklinikasının onkoloji kabinetindən əldə etmək mümkündür. Gözümüz görə-görə vətəndaşlarımızın ölümə tərk edilməsinə göz yummamalıyıq. Bu vətən, vətəndaşlar bizimdir, hamımızındır. Gəlin biganə qalmayaq!
 
Taleh Xasməmmədov,

Hüquq müdafiəçisi