"Lider-55" toyuqları satışa çıxarılır

Aqrar Universitetin Quşçuluq Tədris-Təcrübə Mərkəzində bəslənilən ətlik istiqamətli Lider-55 adı verilən yeni toyuqlar 10 gündən sonra satışa çıxarılacaq.
 
Bu barədə Azərtac-a Aqrar Universitetin baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində fəaliyyət göstərən Quşçuluq Tədris-Təcrübə Mərkəzinin rəhbəri Urfan Məmmədov məlumat verib.
Bildirib ki, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Müsüslü Quşçuluq Təsərrüfatı arasında bağlanmış müqaviləyə əsasən, mərkəzdə yeni yaradılmış Lider 55 adı verilən ətlik toyuqlar yetişdirilir. Bu toyuqları seleksiya yolu ilə Aqrar Universitetin doktorantı, Müsüslü Quşçuluq Təsərrüfatının rəhbəri Qiyas Hacıyev əldə edib. Sınaq təcrübələri universitetin Quşçuluq Tədris-Təcrübə Mərkəzində aparılıb.
Hazırda ölkəmizdə bəslənilən bütün cinslərdən olan ətlik və yumurtalıq ev quşlarının patentinin xarici ölkələrə məxsus olduğunu deyən Urfan Məmmədov Lider 55 toyuqlarının patentinin alınması üçün müraciət edildiyini də vurğulayıb.
Qeyd edək ki, Lider 55 toyuqları görünüşünə görə kənd toyuq cinsinə yaxındır. Lakin bu toyuqlar kənd toyuq cinsindən daha tez yetişir, az yem sərf etməklə daha keyfiyyətli quş əti əldə etmək mümkündür. Bu toyuqların ətinin dadı kənd toyuğunun dadı ilə eynidir, genetik sağlamdır, xəstəliklərə qarşı dözümlüdür, yerli şəraitə uyğundur. Broyler quşlarında xromosomların sayı 72-dirsə, kənd toyuqlarında və əldə edilən Lider-55 ev quşlarında 78-dir.