​Əli Kərimli xalqa çağırış etdi - "DƏYİŞİKLİK İSTƏYƏN HƏR BİR ŞƏXS..."

AXCP sədri Əli Kərimli facebook səhifəsində cəbhəçilərin mitinq hazırlığından yazıb:
Cəmi bir neçə gün ərzində Bakı və ətrafındakı rayonlarda 30-dan artıq mitinq müşavirəsi keçirildi (toplanmaq üçün böyük yerlər olmadığından, bəzi rayonlarda iki fərqli qruplar halında). Təkcə bu müşavirələr vasitəsilə 1000 nəfərə yaxın AXCP fəalı mitinqin birbaşa təşkilatçılığına cəlb edildi. Mitinq çağırışlarımızı mətbuat və sosial şəbəkələr vasitəsilə bir milyon nəfərdən artıq insana çatdırdıq. Minlərlə partiya fəalı gecə-gündüz demədən, həbs təhdidləri altında millətin gerçək qurtuluşu üçün böyük bir fədakarlıqla çalışmaqdadır. Bundan əlavə, bir sıra partiya və hərəkatlardan, siyasi qruplardan, müstəqi mətbuat təmsilçilərindən, sosial şəbəkənin çoxsaylı fəallarından, feyzbukda nüfuzlu səhifələrdən də mitinq təbliğatı üçün ciddi dəstək almışıq. Buradan hamısına təşəkkür edirəm. Kaş ki, bu minlərlə insanın fədakarlığı millətin qurtuluşu üçün yetərli olaydı. O halda bu vətənpərvər insanlar indi etdiklərindən də artığını edərdilər. Lakin təəssüf ki, millətin gerçək qurtuluşu üçün bir neçə min insanın böyük fədakarlıqları da kifayət deyil. Xilas olmağımız üçün millət olaraq hamımızın taleyimizə sahib çıxmağıımız şərtdir. Ölkədə dinc, demokratik yolla köklü dəyişiklik istəyən hər bir şəxs 11 sentyabr mitinqinə dəvətlidir.