Əli Kərimli: “Özümü çox yaxın dost itirmiş biri kimi hiss edirəm”

“Avtoritarizm, diktatura, soyğunçuluq tərəfdarı olan qara qüvvələr sevinməsinlər; Nemtsov ölümə şüurlu gedənlərdən idi...”

AXCP sədri Əli Kərimli Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlə yetirilməsinə münasibət bildirib. O, facebook səhifəsində yazıb:

“Boris Nemtsov çox savadlı, ardıcıl, cəsur siyasətçi, müxalifət lideri idi. O, təkcə Rus xalqının deyil, keçmiş Sovet məkanındakı bütün xalqların həqiqi azadlığının tərəfdarı olan gerçək demokrat idi. Ümumbəşəri dəyərlərə sədaqəti ilə fərqlənən Boris Nemtsov Rusiyanın Ukraynaya qarşı dolayı yollarla apardığı müharibəni qətiyyətlə pisləyirdi. Azərbaycan da daxil olmaqla keçmiş Sovet respublikası olmuş, yeni müstəqil dövlətlərdə xalqların demokratikləşmə uğrunda mübarizəsinə rəğbətini açıq ifadə edirdi.

Boris Nemtsovun namərdcəsinə öldürülməsi ilk növbədə rus xalqının böyük itkisidir. Rus xalqına bu itkiyə görə başsağlığı verirəm. Onun öldürülməsi həm də bütün post-Sovet məkanındakı demokratik qüvvələrin itkisidir. O, dünyadakı qlobal trendlərə təsir edə biləcək, parlaq şəxsiyyət idi. Bu mənada onun itkisi həm də demokratik bəşəriyyətin itkisidir.

Onunla şəxsən görüşməmişdik. Amma kənardan da olsa, bir-birimizin fəaliyyətindən xəbər tutur, məktublaşırdıq. Ötən il AXCP-nin və “Azadlıq” qəzetinin 25 illik yubileylərində çox səmimi təbrik məktubları göndərmişdi. Etiraf edim ki, hazırda özümü çox yaxın dost itirmiş biri kimi hiss edirəm.

Boris Nemtsov ölümə şüurlu gedənlərdən idi. Təbii ki, həyatının məhz dünən gecə və məhz belə qanlı şəkildə, 4 güllə ilə bitəcəyini bilmirdi. Amma həbs və ya ölüm təhlükəsinin onu hər an izlədiyini bilirdi. Bilirdi və qorxmurdu, mübarizəsindən vaz keçmirdi. Bəli, xalqlar bir çox hallarda belə cəsur, bacarıqlı övladlarını qurban vermək bahasına demokratiya və azadlığa qovuşurlar. Nə Rusiyada, nə də başqa post-Sovet məkanında avtoritarizm, diktatura, soyğunçuluq tərəfdarı olan qara qüvvələr sevinməsinlər. Boris Nemtsov ölümü ilə də Rusiya xalqının azadlıq və demokratiya mübarizəsinə öz töhfəsini vermiş olacaq. Rusiyada demokratik dəyişikliklər daha da sürətlənəcək.

Ruhun şad olsun, əziz dost! Sən bunu görməsən də, uğrunda qurban getdiyin ümumbəşəri dəyərlər qalib olacaq!”