"Əli Kərimli heç vaxt böyük siyasətdə ola bilməyəcək"

Fazil Mustafa: “AXCP-də baş verənlər Əli Kərimlinin xarakterinə görə özünə qayıdan cavablardır"

“Nemtsov cəmiyyətdən böyük dəstək alan füqur deyildi... Onun qətli Rusiyada müxalifyönlü insanların gözünü qırmağa yönəlik addım kimi düşünülə bilər”

2015-ci ilin fevral ayı dünyada və ölkədə yaddaqalan xoşagəlməz hadisələrlə zəngin oldu. Manatın devolvasiyası və Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətlə yetirilməsi bu hadisələrin mərkəzində dayasa da, yerli partiyalardakı daxili didişmələrə kölgə sala bilmədi.  Odur ki, deputat Fazil Musatafa ilə bu və ya digər məsələlərlə bağlı söhbətləşdik.

- Fazil bəy,  Rusiya müxalifətinin nümayəndəsi Boris Nemtsovun qətlə yetirilməsi Ukrayna ilə istiləşməyə doğru gedən münasibətlərin gərginləşdirilməsinə səbəb ola bilərmi?

-Təbii ki. Güman etmirəm ki, bunu Putinin maraq dairəsində həyata keçirsinlər. Çünki indiki vəziyyətdə Putinin belə bir qətl hadisəsinin törədilməsinə ehtiyacı yox idi. Ən azı Risiyanın ictimai rəyində bu hadisə Putinin əleyhinə işləyən hadisədir. Amma bu, həm də Ukraynaya açıq dəstək verən Rusiyanın işğalçı siyasətini izləyən bir xəttin qətlə yetirilməsi idi. Çox üzücü hadisədir. Bu da Rusiyada müxalifyönlü insanların gözünü qırmağa yönəlik addım kimi də düşünülə bilər. Bütün hallarda Rusiyada avtoritarizm güclənməkdədir. Başqa cür fikirliliyə qarşı münasibət xeyli dəyişməkdədir. Ona görə də, bu hadisə daha böyük olayların başlanğıcı da ola bilər.

- Əgər daha böyük hadisələrin başlanğıcında Nemtsov kimi güclü fiqur dayanırdısa, sonunda kimlər və nələr dayana bilər?

- Hər halda bu məsələ düşündürücüdür. Çünki Nemtsov fiqur olaraq Rusiya cəmiyyətinin alt qatında yaddaşlarda müəyyən dərəcədə müxalif fikrin aparıcı təmsilçilərindən biri idi. Düzdür, cəmiyyətdən böyük dəstək alan füqur deyildi, amma sözünün təsir gücü olan, müəyyən proqnozları və fikri ciddi qəbul edilən müxalifət liderlərindən biriydi. Ona görə də bu hallar ölkədə Putinin görmək və ya yaratmaq istədiyi monoton fikir mühitnin başlanğıcı ola bilər. Bu da təkcə siyasi arenaya təsir göstərməyəcək, eyni zamanda başqa xalqlara, mədəni  komponentlərin daşıyıcısı olan inasanlara qarşı da Rusiyada aqressiyanın güclənməsinə səbəb ola bilər.

- Ölkəmizdə baş verən son ictimai-siyasi hadisələri necə qiymətləndirirsiniz?

- Azərbaycanda sön dövrlərdə partiyalararası dialoqdan başqa ciddi ictimai-siyasi hadisə yoxdur. Partiyalararası dialoqdan başqa hasısa partiyanın daxilində ayrı-ayrı şəxslərin bir-biriylə mübarizəsindən söhbət gedirsə, bu, o  qədər effektli bir dəyişimədən xəbər vermir. Eviçi qeybət, dedi-qodudan o yana getmir. Fundamental, prinsipial fikir hərəkatı, yaxud da fikir dəyişimi baş vermir.

- AXCP-də baş verən son olaylar və partiya üzvləri arasındakı çəkişmələr Əli Kərimlinin sıradan çıxarılmasına səbəb ola bilər?

- Burada söhbət birini siradan çıxarmaqdan getmir. Söhbət ondan gedir ki, siyasət həm də bədəl ödəməkdir. Siyasət həm də bumeranq xüsusiyyəti daşıyır. Bütün bunlar mənə 16-18 il əvvəli xatırlatdı. Xatırlayıram ki, rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, Əli Kərimli müəyyən qüvvələrdən sifariş alaraq, ona qarşı iyrənc vasitələrdən istifadə edib. Onun mövqeyini zəiflətmək istəyir. Ümumiyyətlə, onun siyasətdə olmasına müəyyən dərəcədə maneəçiliklər yaratmaq istəyir. Onun hər hansı şəkildə yenidən dirçəlməsinə imkan verməmək barədə müəyyən öhdəlikləri var. Bütün işlərini də buna döğru yönəldib.

Taleyin cilvəsinə baxın ki, 17-18 il sonra Əli Kərimlinin etdiyi namərdlik bumeranq kimi özünə doğru geri qayıdır. İndi o, başqalarını hakimiyyətə işləməkdə, hakimiyyətdən sifariş almaqda ittiham edir. İstənilən sahədə dürüst, haqqı tanıyan xarakterdə olmadınsa, bu nankorluğun cavabı özünə qayıdacaq. Əslində, bu gün AXCP-də baş verənlər Əli Kərimlinin xarakterinə görə  özünə qayıdan cavablardır. Bu cavablarda söhbət hakimiyyətə müxaliflikdən getmir, ayrılıqda xarakterdən,  dürüstlükdən, insani dəyərlərə sayğıdan gedir. Siyasət o demək deyil ki, insani dəyərlərə qarşı siyasət naminə istənilən addımı ata bilərsən. Amma elə bir zaman gəlir ki, məhz qiymətləndirilən meyar insani dəyərlər olur. Ona görədə AXCP-də baş verənləri əvvəllər edilmiş nankorluğun başqa formada qayıdışı kimi qiymətləndirirəm. Ola bilsin ki, Əbülfəz Elçibəyin hansısa xüsusiyyətləri var idi ki, kimisə qane eləmirdi, lakin Elçibəy həm də bizlərə - 25-27 yaşlarındakı gənclərə siyasətdə qısqanmadan, narahat olmadan düz yolu təqdim edən, verən insan idi. Bu gün mən də hansısa fikirlərini tənqid edə bilirəm, amma bir şeyi tənqid edə bilmirəm, o, heç vaxt özündən fərqli fikir deyən, yaxın çevrəsi olmayanları rəqib bilməyən adam idi. Paxıllıq duyğusu olmadan yaşamaq, siyasətdə mövcud olmaq böyük xüsusiyyətdir. Bu adamlar isə belə duyğuya sahib olmadıqlarına görə, özlərinin nə vaxtsa elədikləri qeyri-insani davranışların cavabını alırıar.

- Yəni qazana atılan qaşığa çıxır...

- Əlbəttə. Məsələn, kimisə təşkilatdan vaxtilə ədalətsiz çıxarmısan, kiminsə əleyhinə yazı yazdırmısan, kiminsə əleyhinə gizli şəkildə nələrisə etmisən... Bizi də siyasətdə sevməyən, mövqeyimizi bəyənməyən insanlar ola bilər. Amma bir adam da deyə bilməz ki, Fazil Mustafa kiminsə əleyhinə nə isə yazdırıb. Əksinə, özü yazıb, özü deyib. Heç vaxt ikiüzli, kiməsə qarşı arxa planda savaşmayıb. Hamı hər kəsi sevə bilməz ki... Amma namərdliyi insanlar sevmir. Əli Kərimlinin həyat yolunda dostlara, yaxınlara qarşı ortaya qoyduğu namərdlik həmişə onu təqib edəcək. Məhz, buna görə də Kərimli heç vaxt böyük siyasətdə ola bilməyəcək. Azərbaycan siyasətinin tarixində də kənar faktorun dəstəyi ilə həmişə movcud olacaq. Daxili resurslarla Azərbaycan cəmiyyətinə fayda verəcək obraza heç vaxt çevrilməyəcək.

- Zərifə Məhəddinova partiyadan uzaqlaşdırıldıqdan sonra iddia edir ki, Əli Kərimli və tərəfdarları onu şəxsi həyatını görüntüləməklə hədələyib, şantaj edirlər. Az əvvəl AXCP-nin sıralarında olmasa da, təəssübkeşi sayılan Xadicə İsmayıla edilən bu yönlü şantajı pisləyən birilərinin belə yola əl atması nə ilə bağlı ola bilər?

- Bu şantaj təkcə bir qadınla bağlı deyil ki... Onlarla insana qarşı belə şantaj elementləri ortadadır. Ayrı-ayrı siyasətçilərə, siyasətdə tanınmış insanlara qarşı müəyyən kaset, filan, başqa təhdidlər də edilib. Maraqlıdır ki, Azərbaycan siyasətində çox az adamlara qarşı hakimiyyət tərəfindən müəyyən sərt addımlar atılır. Bu, elə-belə, səbəbsiz deyil. Diqqət edirsinizsə, eyni addımlar İsa Qəmbərə qarşı atılmır. Ona görə yox ki, İsa Qəmbər hakimiyyətə müxalifət deyil. Müxalifətdir və özünə görə də səhv-doğru mübarizəsini aparır. Amma elə yanaşmalar var ki, burada hakimiyyəti dəstəkləyən qüvvələr tərəfindən hər hansı əxlaqi ölçüləri aşacaq çox az addımlar atılır. Lakin Əli Kərimli yeganə adamdır ki, ona qarşı hər kəs, hər cür addımlar atmağı özünə rəva bilir. Çünki o, özü başqalarına qarşı bu addımları atıb. Bu baxımdan da, gərək həmişə şüşə evdə yaşayan başqasına daş atmasın. Ona görə də hansı peşədə olursan ol, insan dəyərlərini arxa planda saxlamaq, haqqı pozmaq olmaz. Bu gün Əli Kərimli pozulmuş haqqların cavabını verməli olur. Məsələ budur. Ona görə də bu təşkilatda baş verənləri fikir, ideya mübarizəsi kimi qiymətləndirmək olmaz. Buna əvvəllər törədilən hərəkətlərin cavabı kimi baxmaq lazımdır.

- Fazil bəy, milli valyutanın devolyasiyası və Azərbaycan hökümətinin Avropa Yay Olimpiya Oyunlarına qatılacaq ölkələrin idmançılarının xərclərini üzərinə götürməsi arasında bağlılıq varmı?

- Birincisi, beynəlxalq iqtisadi böhran Azərbaycana da öz təsirini göstərdi. Narahatedici amil odur ki, Azərbaycanda  iqtisadi populizm daha şox önə çıxmağa başlayırdı. Məsuliyyətsiz formada tez-tez elə danışılırdı ki, sanki Azərbaycan ayrıca adadır, dünyada baş verənlərin ona təsiri yoxdur. Hadisənin baş verməsinin müsbət tərəfi odur ki, Azərbaycanı reallıq macrəsına qaytardı. Hökümət də, müxalifət də tam dərk elədi ki, Azərbaycan beynəlxalq aləmin bir hissəsidir. Orada baş verən hər hansı dalğalanma Azərbaycana da öz təsirini göstərir. İstər neft amili, istərsə də Rusiya-Ukrayna arasında gedən müharibə faktoru olsun, manatın devoİvasiyası da bunu bariz şəkildə göstərdi. Əhaliyə ziyan vursa da, müsbət tərəfi odur ki, Azərbaycan insanı real düşüncə istiqamətinə yönəldildi. Bu baxımdan, buna qara hadisə kimi baxmaq doğru deyil.

Olimpiya xərclərinin ödənməsinə gəldikdə isə, Azərbaycan kimi dövlətlərin tanınmaya ehtiyacı var. Sadəcə, biz bunu o konteksdə araşdırırq ki, ora getməyən pul bizə gəlməlidir. Faktiki olaraq, oraya getməyən pul yenə bizə gəlməyəcək. İdmançılara ayrılan vəsaiti asfalta, bordürə, səmərəsiz yol tikintisinə ayırmaqdan daha önəmli hesab edirəm. Ölkənin təbliğatını aparırsan, onların simpatiyasını qazanırsan. Yüzlərlə korrupsiya layihəsində itib-batan  pulları isə xəyal edə bilmirsən.

- Yəni, gözlə görünən daha çox müzakirə edilir...

- Bəli. Çünki bu görünən müzakirədir. Belə tədbirlər təbliğat baxımından təqdirəlayiqdir.

- Xocalı soyqırımı günü əsirlikdə olan Dilqəm və Şahbazın məhkəmə prosesi oldu. Amma gəlin etiraf edək ki, qalmaqallı uşaq doğan Lamiyəyə ayrılan diqqət və qayğı əsir oğullarımızın dəstəklənməsinin yanında daha canfəşanlıqla nümayiş etdirilir. Türkiyədə bir qadının qətliylə bağlı başlayan aksiyalara dəstək verdilər. Amma onlarla bağlı kampaniyalar aparılmır. Sizcə niyə?

- Burada başqa problem var. Problem ondadır ki,  Azərbaycanda insan dəyəri ilə Türkiyədə insana verilən dəyər arasında kifayət qədər fərq var. Yəni kapitalist  cəmiyyətində insan faktorunun bariz müdafiəsi istiqamətində cəmiyyətin həssaslığı var. Bizdə isə, cəmiyyətin həssaslığı yoxdur. Bizdə cəmiyyət daha fərqli şeylər üzərində fikirləşir. Kollektiv, fərdi identifikasiya, insanın özünə sayğısı daha güclüdür. Hüquqi məsələlərdə bizim insanların refleksi zəifdir. Ona görə də, biz daha çox kopyalamaqla məşğuluq. Kənarda baş verənlərə daha çox həyəcanlanırıq. Amma yanımızda, böyrümüzdə baş verənləri adi qarşılayırıq.

- Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdüri Əli Həsənovun prezidentin köməkçisi təyin edilməsi müəyyən müzakirələrə yol açıb. Əksəriyyət hesab edir ki, Əli həsənov komandanın ən bacarıqlı, savadlı, vəzifəsinin öhdəsindən layiqincə gələn kadrı olaraq Ramiz Mehtiyevin yerinə hazırlanır. Sizcə, yeni təyinat buna hesablanıb?

- Bilirsiniz, hakimiyyətdə bu cür təyinatlar həmişə  kənardan kiminsə kimin yerinə iddia etməsi kimi yozulur. Əslində, belə deyil. Hakimiyyətin hər bir funksionerinin özünün imkan və qabiliyyətlərini nəzərə alaraq, ictimai- siyasi həyatda onların rolu təyin edilir. Məsələn, tutaq ki, prezident çox adama hansısa bir işi tapşırır, amma bunların heç də hamısı onu yarıtmır. Son hadisələr zamanı manatın devolvasiyasında o vəziyyət yarandı ki, Zahid Orucdan və prezidentin özündən başqa heç kim açıqlama vermədi. Heç kim sayəsində milyonlar qazandığı bu hakimiyyətin kursunu müdafiə etməyi özünə börc saymadı. Bu o deməkdir ki, müəyyən dərəcədə fədakarlıq etməyə xarakterlər yetərli deyil. Lakin Əli Həsənovun dialoq prosesini aparmasında onu müşayət etdim ki, o, prezidentin tapşırığını ən yüksək səviyyədə həyata keçirdi. Çünki, siaysi partiyalarla dil tapmaq, uzlaşmaq, açıq ortamda fikirlərin səslənməsinə şərait yaratmaq xüsusi qabliyyət tələb edir. Ona görədə ortaya müsbət iş qoydu. Odur ki, Əli həsənovun təyinatı qabliyyətə görə qiymətləndirmədir.

Gülnaz Qənbərli, "Hürriyyət"