Əli Kərimli: ”Bu yalanın da üstü çox tez açıldı”

AXCP sədri Əli Kərimli Azərbaycan hakimiyyətinin aylardır tirajladığı daha bir yalanı rəqəmlərlə ifşa edib. Böyük 20-liyin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin birgə açıqlamsına istinad edən Əli Kərimlinin, şəxsi "facebook" səhifəsindən paylaşdığı yazını təqdim edirik.

"Hər gün yeni-yeni yalanları ifşa olunur, hansısa anti-xalq addımlarının üstü açılır. Bu dəfə də Azərbaycan rəsmilərini Böyük 20-liyin maliyyə nazirləri pis vəziyyətə saldı. Yadınızdadırmı, bu ilin əvvəllərində, ölkə iqtisadiyyatı böhrana girdiyi ilk aylarda İlham Əliyev bəyan etmişdi ki, hazırda dünyada maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlayıb. Bu fikir həqiqətə uyğun deyildi və mən həmin fikri o zaman təkzib etmişdim. Bu doğru olmayan fikir ona görə dövriyyəyə buraxılmışdı ki, Azərbaycan iqtisadiyyatının qarşısına çıxan elə ilk çətinliyin nəticəsində baş-ayaq olması, dərin böhrana girməsi əslində olmayan qlobal böhranla əlaqələndirilsin. Hökumətin iqtisadi siyasətinin yarıtmazlığı, iqtisadiyyatımızın tam olaraq neftdən asıllı vəziyyətə salınması ört basdır edilsin. Amma bu yalanın da üstü çox tez açıldı.

Baxın, bu ilin ilk 3 ayında Azərbaycandan mal ixracının həcmi (ötən ilin I rübü ilə müqayisədə) 2 milyard dollar azalıb. Mərkəzi Bankın valyuta ehtiyyatları isə son üç ay ərzində 4,3 milyard dollar azalıb. Başqa rəqəmlər də gətirib, sizi yormaq istəmirəm. Ölkədə sosial-iqtisadi böhranın günü-gündən dərinləşdiyi faktdır. İndi isə Böyük 20-liyin maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin birgə açıqlamsına diqqət edək: “Dünya iqtisadiyyatının perspektivləri yaxşılaşıb, hazırda dünya iqtisadiyyatı sağlamlaşmaqdadır”. Müəlliflər “dünyanın mühüm iqtisadi mərkəzlərində iqtisadi fəaliyyətin aktivləşməsindən” də məmnunluq ifadə ediblər. Beynəlxalq Valyuta Fondu isə 2015-ci ildə dünya iqtisadiyyatının 3.8 faiz böyüyəcəyini proqnozlaşdırır. Azərbaycan hökuməti isə Mərkəzi Bankın rezervlərini tam olaraq tükəndirməyə, Neft Fondunun gələcək nəsillər üçün nəzərdə tutulan, xaricdə saxlanan rezervlərini də ölkəyə gətirib xərcləməyə, yeni-yeni borclar almağa hazırlaşır.

Mənim dediklərimi “müxalifətdir, hər zaman tənqid edir, bizim uğurlarımızı gözü götürmür” deyib, reaksiyasız buraxa bilərdiniz. Bəs dünyanın ən çox inkişaf etmiş 20 dövlətinin maliyyə nazirlərini necə təkzib edəcəksiniz? Onlar bu açıqlama ilə faktiki bizim xalqa da deyiblər ki, yaşadığınız böhran lokal – sizə aid olan, hökumətinizin “analoqsuz inkişaf” nəticəsində yaratdığı böhrandır, bizə dəxli yoxdur. Biz böhran yaşamırıq, sizi aldadırlar".